PDF Oxu

Siyasət

  • 2 901

Ümummilli lider Heydər Əliyevin xilaskar missiyası ŞƏRH

Ümummilli lider Heydər Əliyevin xilaskar missiyası ŞƏRH

1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi, ümumi ictimai-siyasi ab-havaya sərinlik gətirdi. Azərbaycan rahat nəfəs almağa başladı. Sabaha ümidini itirmiş xalqın narahatlığına son qoyuldu.Ali Sovetin sədri seçilən Heydər Əliyev ölkədə gedən siyasi proseslərə elə bir şəffaflıq, aydınlıq gətirdi ki, artıq xalqı aldatmaq, kiminsə gözünə kül üfürmək mümkün deyildi. Baş verən bütün hadisələrə, qanlı olaylara düzgün, tarixi bir siyasi qiymət verən Heydər Əliyev xalqı agah etdi – kimin kimliyi, hansı əməlin sahibi olması, üzə çıxmağa başladı. Heç bir güc strukturu, hərbi birləşmələri olmayan Heydər Əliyev yalnız xalqa arxalanırdı, ona bel bağlayırdı. Ona görə də xalqla açıq danışır, heç nəyi gizlətmir, xalqdan kömək umurdu. Məhz bu səmimiyyət, bu sədaqət Heydər Əliyev şəxsiyyətinə ümumxalq sevgisini daha da gücləndirir, ona bütün ordulardan daha çox güc verirdi.

Ulu öndər Heydər Əliyev qüdrətini, ona ümumxalq sevgisini görən və duyan bəzi məkrli qüvvələr ara qarışdırmaq, təxribat törətmək kimi niyyətlərini gizlətməyə çalışmış, gizlənmişdilər. Surət Hüseynovun xofundan, hədə-qurxusundan pərən-pərən olmuş AXC-Müsavat iqtidarı da sanki bir toxdaqlıq tapmış, dar ağacından qurtardıqlarından sevincək olmuşdular. Amma vəziyyətin bir qədər düzəldiyini görüb yenə dil-boğaza qoymur, Elçibəyin Kələkiyə qaçmasına “haqq qazandıran” min bir dəlil gətirirdilər. Ümummilli liderin hakimiyyətə gəlməsi ilə dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub. Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.Bu gün Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycana Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər