“Azərbaycan rəhbərliyi bu ilin sonuna qədər Ermənistanla “sülh sazişi”nin imzalanmasının mümkünlüyünə inanır və bu hadisənin baş verməsi üçün əlindən gələni edir. Xarici işlər naziri C.Bayramovun səsləndirdiyi - “İlin sonuna qədər sülh sazişi imzalana bilər” - bəyanatın kökündə məhz bu inam və əzmkarlıq dayanır. Diplomatiya idarəmizin rəhbəri müxtəlif ölkələrdə öz erməni həmkarı ilə ardıcıl danışıqlar aparır və bu prosesə qiymət vermək üçün ən çox məlumata malik olan şəxslərdən biridir”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir qədər əvvəl Azərbaycanın Fransadakı səfiri L.Abdullayeva Avropa Siyasi Birliyinin Moldovada keçirilən ikinci sammitində sülh sənədinin imzalanmasının mümkün olduğunu söyləmişdi: “Ancaq ermənilərin pozuculuq fəaliyyəti bu addımı atmağa imkan vermədi. Ermənistan parlamentinin sədri A.Simonyan bu günlərdə açıq şəkildə etiraf etdi: “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlər vasitəsilə təmin olunması tələbi olmasaydı, “sülh sazişi”ni 3-4 dəfə imzalamaq olardı”. Onun bu bəyanatı bir daha açıq şəkildə göstərdi ki, əslində, tərəflər “sülh sazişi”nin imzalanmasına kifayət qədər yaxınlaşıblar. Sadəcə olaraq, N.Paşinyan hazırkı məqamda bu sənədi imzalamaq üçün tələb olunan siyasi iradəyə malik deyil. Bu səbəbdən müxtəlif bəhanələr uydurmaqla, “yeni təkliflər” irəli sürməklə imzalanma gününü mümkün qədər uzaqlaşdırmağa çalışır. Elə sərhəddə mütəmadi şəkildə baş verən erməni təxribatlarının əsas məqsədi də danışıqlar prosesini mümkün qədər uzatmaqdır. Ancaq nə qədər çalışsalar da ümid edirik ki, sazişin imzalanması ilin sonunda Avropa Siyasi Birliyinin Qranadada keçirilməsi planlaşdırılan üçüncü sammitində baş tutacaqdır. Bunun üçün, qərbin daha qəti mövqe tutması və Ermənistana zəruri təzyiqi göstərməsi tələb olunur. Əks halda, erməni tərəfinin həm sərhəddə, həm də danışıqlar zamanı törətdiyi “təxribatlar” hamının böyük ümidlər bəslədiyi Qranada sammitinin də uğursuzluqla başa çatmasına gətirib çıxara bilər. ABŞ və Avropa İttifaqı buna qətiyyən imkan verməməli və “erməni süründürməçiliyinə” son qoymalıdırlar”.
GÜLYANƏ