Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır.1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Xalqımız düzgün seçim etdi - Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Səriştəsiz, siyasi iradə və idarəetmə qabiliyyətindən məhrum olan, öz mənafeyini xalqın mənafeyindən üstün tutan, dövləti naminə deyil hakimiyyət uğrunda mübarizə aparan və ən əsası çətin və böhranlı vəziyyətdə xalqın yanında olmaq əvəzinə paytaxtı tərk edən həmin dövrün dövlət adamları ilə müqayisədə prezident səlahiyyətlərini yalnız Heydər Əliyev üzərinə götürə bilərdi. Bu Heydər Əliyevin uçurumun bir addımlığında qalmış Azərbaycan dövlətini xilas etmək kimi çox çətin, lakin çətin olduğu qədər də şərəfli bir missiyanı üzərinə götürdüyünün sübutu idi. Bu həm də “ömrümü xalqıma qurban verirəm” deyərək 15 iyun tarixində xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra dövləti xilas etmək yolunda meydana atılan Heydər Əliyevin misilsiz fədakarlığının davamı idi. 24 iyun tarixi xalqın iradəsinin tam qələbəsi demək idi, bununla ölkəmizdə Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxmasına səbəb olan xalq-iqtidar birliyinin əsası qoyuldu. Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi Milli Məclis tərəfindən qəbul edilmiş sıradan bir qərar deyildi, bu həmin vaxt üçün qəbul edilə biləcək yeganə, alternativsiz qərar idi. Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi dövlətçiliyimizin və müstəqilliyimizin xilası naminə atıla biləcək yeganə addım idi. Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi