Dövlət başçısının Sərənsamına əsasən, Azərbaycan Milli Kitabxanasının 100 illiyi qeyd olunacaq
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılması Milli Kitabxananın da qarşısında duran əsas vəzifələrdən biridir.
Kitabxana Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirərək, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayaraq mühafizə edir. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biri olan Azərbaycan Milli Kitabxanasınının fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır.
1923–2007-ci illər ərzində Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunda cəmi 1000 adda Azərbaycan dilində qəzet (bunlardan 182 adda rayon qəzeti – regional mətbuat), 427 adda rus və digər SSRİ xalqları dilində olan qəzet, bundan başqa, 696 adda Azərbaycan və 1439 adda rus dilində jurnal, 718 adda 40-a yaxın xarici dildə jurnal və 50 addan çox qəzet, həmçinin ümumilikdə 53 550 qovluq qəzet və 1 416 000 nüsxə jurnal mövcud olduğu müəyyənləşdirilmişdir.
Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir. Mənbələrdə qeyd olunduğu kimi, 1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları (1917–1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi.
Statistik rəqəmlərə istinadən, hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 2004-ci ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusu verilmişdir. "Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya gələnlərin sayı isə 245000 nəfərə çatmışdır. İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.
Artıq kitabxananın "Kitabxana siyasəti və metodik rəhbərlik" şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.
Belə bir zəngin tarixi yola malik olan Azərbaycan Milli Kitabxanasının bu il 100 illiyidir. Kitabxananın 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkənin mədəni-ictimai həyatında rolunu və kitabxana işinə töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir. Yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş Azərbaycan Milli Kitabxanası daim zənginləşərək xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir. Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli-mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir.
Nəzakət ƏLƏDDİNQIZI