30 il əvvəl bugünkü gün - yəni 24 iyunda Ümummilli Lider Heydər Əliyev parlamentin qərarı ilə Prezident səlahiyyətlərini icra etməyə başladı. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycanın suverenliyini qəbul etməyən qüvvələr tərəfindən ardıcıl olaraq problemlər yaradılırdı. Çətin siyasi-iqtisadi dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, demək olar ki yox vəziyyətində olan ordu quruculuğuna böyük önəm verildi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ulu Öndər tarixi əhəmiyyət daşıyan çıxışında demişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Ümummilli Lider Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ayrı-ayrı silahlı dəstələrin qardaş qırğını törətməsinin və ölkənin parçalanmasının, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişlərinin qarşısını xalqın köməyi ilə aldı. Dağıdılmış iqtisadiyyatın bərpa olunması üçün məqsədyönlü tədbirlər həyata keçirildi, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə bir çox ölkələrlə pozulmuş münasibətlər bərpa edildi, Ermənistanla atəşkəsə nail olundu.1994-cü il sentyabr ayının 20-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sonralar "Əsrin müqaviləsi" adını almış, dəyəri yeddi milyard dollar olan neft müqaviləsi imzalandı. Ulu Öndərin Ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan tənəzzüldən tərəqqiyə doğru böyük inkişaf yolu keçdi. Ulu Öndərin başlayıb, həyata keçirməyə macal tapmamış taleyüklü məsələləri onun siyasi varisi cənab İlham Əliyev uğurla sona çatdırdı. Azərbaycanı tam müstəqil və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi görmək Ulu Öndərin ən böyük arzusu idi.2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatda məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.Bəli, bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan Müstəqil bir dövlətdir. Bu müstəqilliyin qarantı isə qəhrəman Azərbaycan ordusudur. Ölkəmiz sürətlə inlişaf edir və dünya birliyində sayılıb-seçilən bir Dövlət kimi tanınır. Biz hamımız fəxr etməliyik ki, Müstəqil Azərbaycanın vətəndaşıyıq.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini