Dövlət başçısının Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd"ün təsis edilib
Ölkə həyatının bütün sahələrini əhatə edən misilsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk edən Ulu Öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi, Vətənə olan tükənməz sevgisi ilə dövlət müstəqilliyimizi təhlükədən qurtardı. Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran Ulu Öndər Heydər Əliyev xalqın xilaskarı və Azərbaycanın Memarı və Qurucusu olaraq adını tariximizə əbədi olaraq yazdı. Qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olan Ulu Öndər Heydər Əliyevin - tarixi Şəxsiyyətin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmaqdadır. Ölkəmizdə bu il - 2023-cü il "Heydər Əliyev İli" elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev adına təqaüd"ün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün "Heydər Əliyev adına təqaüd" təsis edilməsi qərara alınıb. Sərəncama əsasən, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Yaşadığımız tarixi gerçəkliklərin müqayisəsi Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi, fonemen bir siyasətçi olduğunu bir daha təsdiqləyir. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini yazıb. Ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atıb.
Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksətdi. Ulu Öndər yazırdı: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi". Doğma xalqının böyük təəssübkeşi olan Ulu Öndər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Həmin illər sovet Azərbaycanının tarixinə, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.
Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Azərbaycan xalqının Xilaskar Oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində müstəsna rol oynadı və Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi.
Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Əlbəttə ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Nəzakət ƏLƏDDİNQIZI