“Azərbaycanda ordu quruculuğu istiqamətində ilk addımlar onun dövlət müstəqilliyi bərpa etdiyi dövrdən başlansa da, müasir dövrün qlobal təhlükəsizliklə bağlı çağırışlarına rəğmən modern və güclü ordunun təşkili, onun təchizatı, milli zabit kadrlari ilə təminatı, nəhayət, döyüş və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində hərtərəfli düşünülmüş və məqsədəmüvafiq şəkildə həyata keçirilən siyasət ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır”. Bu fikirləri açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, müstəqilliyini bərpa etdiyi dövrdən Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan üçün ordu quruculuğu, onun qısa zaman kəsimində formalaşması dövlətçiliyimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi: "Lakin müstəqilliyimizin ilk dövrlərindən etibarən Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə, AXC- Müsavat hakimiyyəti dövründə ordu rəhbərliyinə səriştəsiz, hərbi savadı və akademik təhsili olmayan şəxslərin gətirilməsi, ordu quruculuğu kimi dövlət əhəmiyyətli işin konyuktur maraqlar, firqə, partiya maraqları naminə arxa plana keçirilməsi, vahid Komandanlığının mahiyyət etibarilə olmaması, ordunun təchizatı, orduda nizam intizamin zəifliyi, qeyri-qanuni hərbi birləmələrin "özfəaliyyəti", milli zabit kadrlarının çatışmazlığı bizim 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əsas səbəblərindən oldu. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra yuxarıda sadalanan neqativ amillərin aradan götürülməsi istiqamətində ardıcıl və məqsədyönümlu siyasət həyata keçirilməyə başladı. Əsrin kontraktının imzalanmasından sonra ölkəyə cəlb edilmiş yeni investisiyalar, dövlət büdcəsindən ordunun təchizatı ilə bağlı məsələlərə vəsaitlərin həcminin əhəmiyyətli şəkildə artırılması, ordu rəhbərliyinə səriştəli zabit kadrlarının gətirilməsi, milli zabit kadrları hazırlayan hərbi təyinatlı təhsil müəssisələrinin açılması, döyüş təlimlərinin ardıcıl şəkildə keçirilməsi nizam- intizamın güclənməsinə, döyüş ruhunun yüksəlməsinə səbəb oldu".
E.Manafovun sözlərinə görə, Ümummili Liderin siyasi varisi, ölkə Prezident İlham Əliyev tərəfindən bu kurs uğurla davam etdirilir: “Hərbi Sənaye Nazirliyi yaradıldı, ordunun təchizatı daha da yüksəldi, nəticə etibarilə Azərbaycan ordusu döyüş qabiliyyətinə, hərbi gücünə görə Cənubi Qafqazin ən qabaqcıl, dünyanın isə 63- cü ordusuna çevrildi: "Azərbaycan ordusunun illik büdcəsi Ermənistanın dövlət büdcəsindən artıq vəziyyətə gətirildi və məhz bu ordu 44 gunlük müharibədə düşmən üzərində müzəffər zəfər və qələbə qazanaraq 30 ildən yuxarı erməni işğalı altında olan torpaqları azad etdi və bu ərazilərdə dövlət suverenliyimiz bərpa olundu".
GÜLYANƏ