Qarabağ müharibəsi başlanan gündən Azərbaycan ordusu, fədakar, qəhrəman oğulları vətənə ləyaqətlə xidmət göstərmiş, Azərbaycanın suverenliyi uğrunda mərdliklə, rəşadətlə vuruşmuşlar. Müasir Azərbaycan poeziyası Qarabağ müharibəsində böyük qəhrəmanlıq, igidlik göstərmiş övladlarımızın bədii obrazını yaratmağa çalışmışdır. Qarabağ mövzusunda yazılmış poeziya nümunələrində qəhrəman döyüşçü obrazlarının səciyyəvi xarakteri, müsbət xüsusiyyətləri sayılır desək, zənnimizcə yanılmarıq. Şairlərimiz Azərbaycan ordusunun, qəhrəmanların ən nəcib mənəvi keyfiyyətlərini tərənnüm etmiş, onların keçdikləri döyüş yolunu yüksək qiymətləndirmişlər.1992-ci ildən etibarən poeziyanın işlənən mövzularından biri də qəhrəman, döyüşçü obrazı olmuşdur. Doğrudur, məlum mövzu publisistik əsərlərdə daha aktiv idi. Ancaq poeziyada – əsasən də poemalarda qəhrəman döyüşçü obrazını müşahidə etmək olurdu. Poeziyasında qəhrəman, döyüşçü obrazını əks etdirən şairlərdən biri də Ələmdar Quluzadədir. Onun qələmə aldığı sosial-psixoloji poeziya örnəkləri ilə yanaşı, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən epik əsərləri də bu günümüz və sabahımız üçün qiymətlidir. Tədqiqatçılar, çox haqlı olaraq, şairin 2006-cı ildə işıq üzü görən “Qadan mənə, Qarabağ” kitabına daxil etdiyi silsilə poemalarını – “Qarabağ oyunu”, “Şəhid şəhər”, “Şəhid bacısı”, “Alay komandiri”, “İlmələrin dastanı” əsərlərini “Müasir dövrün Qarabağnamələri” adlandırırlar. Şairin “Alay komandiri” əsəri poeziyamızda qəhrəman döyüşçü obrazının uğurlu təsvirinə nail olan bədii nümunə kimi çox dəyərlidir. Müəllif 1998-1999-cu illərdə qələmə aldığı iri həcmli bu epik poemasını Azərbaycan Ordusundan- Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevin və vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və döyüşçülərimizdir.1992-ci illər şeirində Bəxtiyar Vahabzadənin, Xəli Rza Ulutürkün, Məmməd Arazın, Zəlimxan Yaqubun, Firuzə Məmmədlinin, Ələmdar Quluzadənin poeziyasında Qarabağ müharibəsi döyüşçülərinin real portreti canlandığı kimi, bu gün xalqımızın yaşadığı 44 günlük Vətən müharibəsində zəfər qazanan döyüşçünün rəşadəti sözün əsil mənasında poeziyanın misralarından daha yüksəkdə dayandı. Sabir Rüstəmxanlının, Zahid Xəlilin, Vahid Əzizin, Ümid Nəccarinin, Məmməd İsmayılın, Emin Pirinin, Əlizadə Nurinin, Avdi Qoşqarın, Mahirə Abdullanın, Xanım İsmayılqızının, Elnur Uğurun,Vaqif Aslanın,Oğuz Alparslanın, Elvin İntiqamoğlunun və yüzlərcə şairin yaradıcılığı Azərbaycan ordusunun rəşadətini, döyüşçü əsgərlərimizin vətən uğrunda mübarizələrini, bu yolda canlarını qurban vermək sevgilərini, Vətən sevdalılarının obrazlarını canlandırdı. Oğuz Alparslan “Türkəm mən” şeirində Ordumuzun igidlərinin özgüvəni, türkün birliyi, qurd ürəkli Azərbaycan əsgəri obrazını görmək olur:
Al qana boyanan,
Al bayrağım var,
Sinəmdə döyünən,
qurd ürəyim var,
mənim bükülməyən,
türk biləyim var.
Bu şeirlər zəfərə gedən yolun başlanğıcıdır. Bu ürəklə savaşa yollanan əsgərin qələbə qazanmaması mümkünsüzdür. Elvin İntiqamoğlunun yaradıcılığında da müharibənin faciəsi canlandırılıb. Elvinin “Mühasirə” başlıqlı şeirində bir günlük müharibə həqiqətlərinin real yaşantılarını görürük. Müharibə həqiqətlərinin əksi döyüşçü-şair dilindən təbii və təsirli verilməklə yanaşı həm də döyüşçü obrazının boyasız və real əksini görmək və müharibə facəsini yaşamaq mümkündür. Əlizadə Nurinin “Yaralı əsgər haqqında ballada” adlı şeirində yaralanmış əsgərin düşüncələri təsirli olduğu qədər də qürurvericidir. Döyüşçü aldığı yaradan yaddaşının itəcəyini düşünür, əslində ayağını qurban verən döyüşçü Vətan naminə canını qurban verib, deyə bilərik, amma bu döyüşçü üçün azdır. Yaddaşını itirsə Vətənini unuda bilər, deyə düşündüyü üçün Vətənə müraciət edir. Bu müraciətdə Vətən sevgisinin yaralı döyüşçü üçün əvəzsiz olduğu aydın olur. “...Torpağını öpüb pıçıldadı, yaralı əsgər, yaddaşımı itirsəm belə yadımdan çıxan deyilsən, Vətən.” Şövkət Horovlu Əsgərlərimizin hünərini özünəməxsus şəkildə poetikləşdirir. Savaşın başlandığını eşidən şairə Cəbrayıl rayonunda qəbri qalan anasına göz aydınlığı verir.”Oğulların gəldi ana” deyərək döyüşçü oğullarımızla fəxr edir, kor düyün adlandırılan otuz illik vətən həsrətimizi dilə gətirir. “Açılıbdır o kor düyün,
Haqqın çatır indi öyün, “ Düşmən çəpəri”- dediyin, Oğuların gəlir, ana!”
Faiq Hüseyinbəylinin “Vətən nəğmələri” silsilə şeirlərində müharibənin görünən və görünməyən tərəfləri oxucunu təsirləndiriməklə yanaşı, burada vətənə olan sevgi və məhəbbətin qoxusunu belə hiss etmək olur. Şeirdə Murovdağın möhtəşəmliyi, Gəncənin 30 illik yuxudan oyanması və mübarizə meydanına atılan igidlər təsvir edilir. Şeirdə əsgər görünməsə də onun qalibiyyəti əks edilir. Ali Baş Komandanın əmri ilə 30 ildən sonra torpaqları uğrunda mübarizəyə qalxan igidin “daha sülh ola bilməz” ifadəsi vətən oğullarının bu qisasa münasibətini ifadə edilr.
Daha sülh ola bilməz,
Axar sular durula bilməz!
Cənab Ali Baş Komandan,
Hörmətli zati aliləri,
Zəfər xəbərlərin xalqın ürəyinə su səpir,
Hərf-hərf, söz-söz, sətir-sətir,
Təşnə könüllərə məlhəmdi
Bütün çıxışların!
Qalib gələn əsgərinə dünəni-tariximizi xatırladan şair “Tarixlərə sən yazdığın səhifədir, bir zamanlar uduzduğun səhifədir” deyərək dünənki ordumuzla bu günkü ordumuzun fərqini də yada salır. Azərbaycan yaratmısan deyərək, Azərbaycan ordusunun, əsgərinin bugünkü gücünü xatırladır. Şeirin sonunda isə dünənki ordumuzun bu gün zəfər çalan ordunu yaratmasına poetik biçimdə aydınlıq gətirir.
İndi gücə güc qatmısan,
Bütöv-şanlı, ulu-azad
Azərbaycan yaratmısan!
Ata əsgər, oğul əsgər,
Sağ ol, əsgər!
Sağ ol, əsgər!
Dünənki ordumuzla bu günkü ordumuz arasındakı körpünü, bağı əks etdirməyi qarşısına məqsəd qoyan müəllif atanın və oğulun vətəni qorumasını və qalıb gəlməsini çox poetik anlamda ifadə edib. Azərbaycan poeziyasında Azərbaycan Ordusunun obrazını əks etdirən yüzlərcə şeir və poema artıq ədəbiyyatımızın dəyərli poeziya nümunələrinə çevrilib. Günümüzün ən aktual mövzusu olan Azərbaycan əsgərinin şanına, hünərinə hələ çox şeirlər, dastanlar yazılacaq. 30-illik Qarabağ həsrətini bu xalqa unutdurub, zəfər sevincləri yaşadan Ali Baş Komandanın, Azərbaycan Ordusunun, və qəhrəman döyüşçüsünün obrazı ədəbiyyatımızda əbədidir!
Mərziyyə Nəcəfova
YAP Yasamal rayon AMEA Ədəbiyyat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri