PDF Oxu

Siyasət

  • 2 398

Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir! ŞƏRH

Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir! ŞƏRH

Dünyanın siyasi gedişatında millətlər üçün yaşam təminatı dövlət halında yaşamaqdırsa, bu quruluşun da vacib şərtlərindən biri müstəqilliyi və ərazi bütövlüyünü qoruya biləcək ordudur. Bugünkü düzəndə Silahlı Qüvvələr dövlətin beynəlxalq aləmdə gücünü nümayiş etdirməklə yanaşı, onun maraqlarının qorunmasının əsasını təşkil edir. Azərbaycanın müstəqillik tarixinə baxdıqda ordunun nə dərəcədə mühüm rola malik olmasının şahidi oluruq. Dövlət müstəqilliyinin ilk illərində sistemli ordu quruculuğunun aparılmaması, Silahlı Qüvvələrin dövlətə yox, ayrı-ayrı şəxslərə tabe olması ciddi problemlər yaratmış, dövləti qorumağa borclu olan ordu faktiki olaraq respublikanın əleyhinə fəaliyyət göstərmişdir. Həmin günlərdə qəhrəman Azərbaycan xalqının qüdrətli oğlu hakimiyyətə gəldikdən sonra ən çox diqqət ayırdığı sahə məhz ordu quruculuğu oldu. Əslində, Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna hələ sovet dövründə başlamışdı. O zaman ölkədə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, azərbaycanlı zabitlərin sovet hərbi akademiyalarına təhsil almağa göndərilməsi məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində mümkün olmuşdu. Bu baxımdan 1993-cü ildə aparılan ordu quruculuğu əvvəlki illərdən başlanan prosesin davamı idi. Azərbaycan Ordusunun maddi-texniki imkanlarını gücləndirən dahi rəhbər Silahlı Qüvvələrimizin yaranma gününü Xalq Cümhuriyyəti dövrünə bağlayaraq, bu gücə həm də mənəvi güc qatmaqla keçmişimizə ehtiramını sübuta yetirmiş oldu.

Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq prinsipini Ulu Öndər özünəməxsus şəkildə və ustalıqla həyata keçirməyi bacardı. Qüdrətli və güclü ordu quruculuğunu diplomatik fəaliyyəti ilə birləşdirən unudulmaz Heydər Əliyev məhz ərazi bütövlüyümüzün Silahlı Qüvvələrimizin gücü ilə təmin olunacağını böyük strateq, gələcəyi qabaqlayan fenomenal lider kimi hesablamışdı. Böyük Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu inamı tam doğrultdu. Hər zaman sülh tərəfdarı olan və problemin danışıqlar yolu ilə həllinə çalışan Azərbaycanın humanist siyasətinə rəğmən torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan bunlar azmış kimi təmas xəttində yeni təxribat yaradaraq ölkəmizi təhdid etməklə hikkəsini yenidən ortaya qoydu. Belə olan təqdirdə, Azərbaycan suveren hüquqlarının müdafiəsinə qalxdı.

Bu dəfə düşmən öz qarşısında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzu gördü. Hər zabiti, əsgəri əsl qəhrəman olan Ordumuzun qarşısında duruş gətirə bilməyərək savaş meydanından miskin, qorxaqcasına qaçan düşmən fərarilərinin ilkin cavabları qısa və konkret idi.

2020-ci il sentyabrın 27-də başlayan Zəfər savaşı Azərbaycan tarixinə şərəf və qürurla yazıldı. Qırx dörd gün ərzində bütün dünya Azərbaycan Ordusunun maddi-texniki bazası, taktiki gedişləri, xüsusilə də əsgərlərimizin qəhrəmanlığı qarşısında heyran qaldı. Azərbaycan qalib gəldi, şərəfli Ordumuzun qəhrəmanlığı ilə işğala son qoyuldu, Vətən bütövləşdi.

İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusu alıb. İndi Azərbaycan qalib dövlət kimi həyatının ən xoşbəxt günlərini yaşayır. Biz güclüyük, qüdrətliyik, regionun lideri, dünyada söz sahibiyik. Şübhəsiz ki, bu uğurlarımız Ulu Öndər Heydər Əliyevlə başlayan siyasi kursun mükəmməl davamçısı Prezident İlham Əliyevin xidmətidir. Bu gün qüdrətli Azərbaycan dövləti qalib sərkərdə və qalib ordu vəhdətinin gücü ilə daha da ucalır. Bu birlik düşmənə kədər, dosta sevinc yaşadır. Azərbaycanın təhlükəsizliyinin və inkişafının təminatçısı da qalib Komandan, qalib Ordu, qalib Xalq birliyindədir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər