PDF Oxu

Siyasət

  • 4 321

Ordu quruculuğu və inkişafı yeni mərhələyə keçib ŞƏRH

Ordu quruculuğu və inkişafı yeni mərhələyə keçib ŞƏRH

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Müzəffər Ali Baş Komandan çıxışı zamanı çox mühüm məqamlara toxundu, istər ordu quruculuğu sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən, istərsə də postmüharibə dövründə strateji prioritetlərdən geniş bəhs edərək önəmli mesajlar verdi.

Cənab Prezident qeyd etdi: “Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”. Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”. Güclü ordu isə təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyünün qorunması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Dünyada geosiyasi vəziyyətin gərginləşdiyini qeyd edən Prezident bildirib ki, “bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür”.

Vətən müharibəsindən sonra yeni silahların alınması prosesinin davam etdiyini nəzərə çatdıran olkə rəhbəri bildirib ki, “artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, dövlət büdcəsinə əlavələr edilmişdir. Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir”.Ölkə rəhbəri bildirib ki, “Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılmması üçün önəmli amillərdən biridir. Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf edir”.

Dövlət başçısının diqqət yetirdiyi digər mühüm məsələ Azərbaycanın bütün təxribatların qarşısını almaq əzmində və iqtidarında olmasıdır. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab”. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil.

Nicat İsmayılov

Yasamal rayonu Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər