PDF Oxu

Siyasət

  • 10 759

Azərbaycan dinlərarası münasibətlərə töhfə verir TƏHLİL

Azərbaycan dinlərarası münasibətlərə töhfə verir TƏHLİL

Tolerant mühitin, multikultural dəyərlərin məkanına çevrilən Odlar diyarımız xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır. Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. "Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik", deyən Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır: "Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar". Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.

"AZƏRBAYCAN DÜNYA MİQYASINDA DİNLƏRARASI, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN QURULMASINDA ARTIQ NÜMUNƏVİ ÖLKƏ KİMİ TANINIR"

Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Ölkə ərazisində 700-dən artıq pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. O cümlədən, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Azərbaycan təkcə ölkə daxilində deyil, dünya miqyasında da xristian irsinin qorunmasına töhfələr verib. Ölkəmizin dəstəyi ilə Vatikanda yerləşən Müqəddəs Sebastian katakombalarının, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" çərçivəsində Roma şəhərində Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası və s. ölkəmizin dini tolerantlığının nümunəsidir.
Bu gün tolerantlığın məkanı, multikultural ənənələrə, islam dininə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk"

ÖLKƏMİZDƏ DÖVLƏT VƏ XALQ BİRLİYİ SAYƏSİNDƏ İCTİMAİ ASAYİŞ VƏ ƏMİN-AMANLIQ MÖVCUDDUR

Müasir dövrümüzdə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Bu gün ölkəmizdə dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Dindən sui-istifadə edərək qarşıdurma yaratmağa çalışan, respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edilməsi kimi mənfi halların qarşısı qətiyyətlə alınıb.
Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" – deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".
Bu gün özlərini demokratik ölkə kimi təqdim edənlər dini zəmində iğtişaşları alovlandırır, xalqlar arasına ədavət toxumu səpirlər. Separatizmi dəstəkləyən və irqçilik siyasətini özünün dövlət siyasətinin əsas istiqamətinə çevirənlərin sülhdən, təhlükəsizlikdən, tolerantlıqdan danışmağa haqqı yoxdur. Azərbaycan dünyaya açıq qapıdır. Buyurub gəlsinlər, buradakı multikultural məktəbdən dərs alıb, Odlar Diyarının məzunu olsunlar. Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri bütün dünya ölkələri üçün nümunədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər