Dövlət başçısının Sərəncamına əsasən, Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb
Bu gün Azərbaycan öz nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, öz təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, yol infrastrukturu mühüm əhəmiyyətə malikdir. Azərbaycanın yol infrastrukturu özünün sürətli inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar, bütün sahələrdə olduğu kimi, yol infrastrukturu da uğurla həyata keçirilir. Son vaxtlar yol infrastrukturunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Avtomobil yollarının bərpası və yenidən qurulması və yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq, yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilməkdədir. Regionların, həmçinin, kənd və qəsəbələri birləşdirən avtomobil yolların, yolayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Son illər ölkəmizin demək olar ki, hər bir istiqamətində avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş və yeni körpülər tikilmişdir. Ölkənin magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də, kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Kəndlərarası və kənddaxili avtomobil yolları da daxil olmaqla, salınan avtomobil yollarının həcmi sovet dövründə salınmış avtomobil yollarının həcmindən dəfələrlə çoxdur.
Görülən işlər, bir daha deməyə əsas verir ki, həyata keçirilən infrastruktur layihələr nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında"
Sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir,"
Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızda əhalinin rifahı yüksəlib, firavanlığı artıb. Bütün bölgələrinin siması tamamilə dəyişib, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlər istifadəyə verilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında mövcud olan çətinliklər aradan qalxır. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir.
Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır.
Zümrüd BAYRAMOVA