PDF Oxu

Siyasət

  • 11 955

“Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında Rusiya maraqlıdır” MÜNASİBƏT

“Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında Rusiya maraqlıdır” MÜNASİBƏT

“Ukrayna ilə Gürcüstan arasında münasibətlər gərginləşməkdə davam edir. Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tiflisə qayıtmaq tövsiyəsini münasibətlərin kəskinləşməsinin ekstremal forması adlandırıb”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Abutalıb Səmədov bildirib ki, məsələ ilə bağlı Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilib: “Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin Gürcüstan səfirini məsləhətləşmələr məqsədilə ölkə ərazisini tərk etmək qərarından dərin narahatlığını ifadə edir. Bu hərəkət diplomatik münasibətlərin kəskinləşməsinin ifrat formasıdır və təəssüf ki, rəsmi Kiyev dost dövlətə və xalqa qarşı bu addımı atır. Ukrayna hakimiyyətinin göstərdiyi səbəb bu qərarı xüsusilə anlaşılmaz edir. Strasburq Məhkəməsinin qərarı məhkum Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub və bu, Mixeil Saakaşvilinin hüquqlarının dövlət tərəfindən qorunmasının ən yüksək standartlara uyğunluğunu bir daha təsdiq edir. Bu cür hadisələrin fonunda Ukrayna hakimiyyətinin qərarı iki ölkənin strateji münasibətlərinə əhəmiyyətli dərəcədə xələl gətirir və suveren dövlətin daxili işlərinə birbaşa müdaxiləni ifadə edir ”.

A.Səmədov onu da bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinin sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı, Gürcüstan hakimiyyətinin ona göstərdiyi hüquqazidd münasibətlə əlaqədar Gürcüstan səfirini öz ölkəsinə məsləhətləşmələr üçün göndərməsi diplomatiyada ən kəskin addımlardan sayılır: "Bunun kökündə şübhəsiz ki, təkcə Mixail Saakaşviliyə olan münasibət dayanmır. Baxmayaraq ki, Saakaşvili Ukrayna vətəndaşıdır və bu səbəbdən Ukraynanın belə mövqe tutması tamamilə əsaslıdır. Ancaq Ukrayna-Gürcüstan münasibətləri son bir ildə addım-addım gərginləşməyə başlayıb və Gürcüstanın Rusiyaya yaxınlaşmaq cəhdləri, Rusiya ilə münasibətləri qaydaya salmaq istiqamətində addımları Ukraynada çox kəskin narazılıq doğurdu. Göz qabağındadır ki, Gürcüstan Rusiya ilə konfrontasiya siyasətinin ona xeyir verməyəcəyini gördü, anladı ki, Qərb hələ uzun müddət onun Abxaziya və Cənubi Osetiya ilə bağlı problemini həll eləmək fikrində deyil, Avropa İttifaqı Gürcüstanın qəbulu məsələsini uzatmaqda davam eləyəcək. Bu səbəbdən Tiflis Rusiyaya yaxınlaşmaqdan başqa yol görmədi. Baxmayaraq ki, elə əvvəlcədən Bdizina İvanişvili və onun rəhbərlik elədiyi qurum Rusiyameyilli hesab olunurdu. Lakin ilk dövrlər bu iddiaları sübut eləyəcək elə bir ciddi addım atılmamışdı. Artıq Rusiyaya meyillilik göz önündədir. Doğrudur, kəskin addımlar atılmasa da, hər halda, Gürcüstanın Rusiya əleyhinə sanksiyalara qoşulmaması çox ciddi nəticələrə gəlmək imkanı verir. Ukrayna-Gürcüstan münasibətlərinin pozulmasında maraqlı olan və bundan qazanclı çıxacaq tərəf isə şübhəsiz Rusiyadır. Rusiya Ukraynaya qarşı koalisiyanı genişləndirmək istəyir. Baxmayaraq ki, bu koalisiyada son dərəcə az dövlət var və onları, hətta koalisiya adlandırmaq da mümkün deyil. Ancaq hər halda, Ukraynanı dəstəkləməyən dövlətlərin sayının artması və MDB məkanında Qərbə ən çox meyl eləyən Gürcüstanın belə mövqe tutması təbiidir ki, Rusiyanın maraqlarına cavab verir, Moskvanın mövqelərini möhkəmləndirir və Rusiya bu hadisələrdən ən ciddi nəticə gözləyən ölkədir.

Gürcüstan Xarici İşlər Nazirliyinin ilkin reaksiyası da göstərir ki, onların da geri çəkilmək fikri yoxdur və bu münasibətlər çox güman ki, diplomatik münasibətlərin pozulmasına qədər gətirib çıxara bilər. Bundan da Rusiya faydalanacaq, Gürcüstan şübhəsiz ki, itirəcək. Çünki nə qədər Rusiyaya yaxınlaşsa da, onun Abxaziyanı və Cənubi Osetiyanı qaytarmaq fikri hələ görünmür və çox güman ki, tam tərkibdə keçmiş Gürcüstan ərazilərini geri qaytarmaq mümkün olmayacaq”.

GÜLYANƏ

Digər xəbərlər