Parisdə insanlara qarşı zorakılıqların törədilməsi Makron hakimiyyətinin irticaçı bir rejim olduğunu göstərir
Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ün iştirakçıları ilə polis qüvvələri arasında qarşıdurma olub. Aksiya iştirakçıları bir neçə avtomobili aşıraraq yandırıblar. Mağazalara, dükanlara basqın təşkil olunub, banklar qarət edilib. Makron hakimiyyəti isə artmaqda olan hiddət və qəzəbin qarşısını almaqda acizdir. Bu rejim insanların azad şəkildə toplaşmaq azadlıqlarını məhdudlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Fransada iğtişaşlar zamanı polis və jandarmlar 4 min nəfəri saxlayıb ki, onlardan 10 faizi Fransa vətəndaşlığı olmayan insanlardır. Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib. Bu kimi iğtişaların törədilə biləcəyi gözlənəndir. Çünki “sarı jiletlilər” hərəkatından sonra ölkədə Makron rejimi müsbətə doğru hər hansı addım atmamışdır. Əksinə, vəziyyətin daha da ağırlaşmasına xidmət edən sosial iqtisadi siyasət həyata keçirmiş, insan hüquq və azadlıqlarının məhdudlaşmasına hesablanan qərar və qanunlar qəbul etmişdir.
Fransa Ermənistana terror aktlarının törədilməsinə yardım göstərir
Makron hakimiyyəti yalnız xalqına qarşı qəddar siyasəti ilə kifayətlənmir. Həm də başqa ölkələrdə insanların qətlini həyata keçirir və Ermənistan kimi terroru dövlət siyasətinə çevirən ölkələrə terror aktları törətməyə, silahlı qarşıdurmalar yaratmağa təhrik edir. İstər birinci, istərsə də İkinci Qarabağ savaşı zamanı Fransanın Ermənistana hər cür maliyyə, hərbi və siyasi dəstək göstərdiyi dünya KİV-lərində müzakirə olunan məsələlərdəndir. Ümumiyyətlə, tarixən Fransa Azərbaycan və azərbaycanlılara qarşı vəhşi və cinayətkar siyasət yürüdüb. Fransa təcavüzkar qüvvələri 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Salmas, Xoy, Sulduz, Urmiya, Muğan və digər ərazilərinə silahlı basqınlar edərək azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, evlərini dağıtmışlar. Fransa digər sivil xalqlara qarşı da qəddar və siyasət aparıb. Təkcə Əlcəzairdə Fransa hərbçiləri 1,5 milyon insanı qətlə yetirmişlər. Bununla yanaşı, 1830-1962-ci illər ərzində Fransa Əlcəzairdə bütün təbii sərvətləri talan etmiş, tarixi abidlərini dağıtmışlar. 1945-ci ilin 8 mayında Fransa ordusunun Setif, Quelma və Karatta bölgələrində nümayişlərə havadan və qurudan hücumu nəticəsində 45 min insan öldürüldü, 5 minə yaxın adam həbs olunub, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edildi. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb. 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir.
Fransa qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə üzr istəməlidir
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı demişdir: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”. Prezident İlham Əliyev bu cür fəlakətlərin gələcəkdə qarşısının alınması üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı bütün beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi tarixindən, 44 günlük döyüşlər nəticəsində ərazilərin azad olunmasından, ermənilərin 30 il ərzində törətdikləri vəhşiliklərdən də bəhs edir. O, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən bu barədə danışıb: “Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ərazilərimizi işğaldan azad etdik, torpaqlarımıza qayıtdıq”. Dövlət başçısı 2020-ci il noyabrın 10-da atəşkəslə bağlı bəyanatdan sonra 260-dan çox Azərbaycan vətəndaşının mina qurbanı olduğunu, yaxud müxtəlif dərəcəli bədən xəsarətləri aldığını da toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan-Fransa cütlüyünün cinayətlərinin davam etməsindən söz açıb. Prezident Əlcəzairin də vaxtilə oxşar problemlə qarşılaşdığını vurğulayıb: “Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar beş milyondan çox mina basdırmışdılar. Bu isə mənə bizim eynilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı”.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlərlə görüşündə çıxış edərkən Fransanın Əlcəzairdə törətdiyi qətliamları sərt şəkildə tənqid edib. Bildirib: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır”. Bunun utanmaz və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.
Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Araşdırmalar zamanı bəlli olur ki, Fransa müstəmləkə siyasətini qanlı formada həyata keçirib. 1960-cı ildə Fransa əsgəri birlikləri Cibutiyə daxil olaraq insanları küçədə və evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə Fransa Tunisi, daha sonra Kamerununu, eyni zamanda, Mərakeşi işğal edərək insanları qan gölündə boğmuşlar. 1947-ci il noyabrın 29-da Vyetnamda törədilmiş “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb. 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə, Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub.
“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması”
Təbii ki, demokratik düşüncəli dünya xalqları, o cümlədən Azərbaycan dövləti və xalqı Fransanın törətdiyi soyqırımı aktlarına sərt münasibət bildiriblər. İyulun 6-da Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verdi. Əslində, bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı beynəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqların mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qarşı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Qayana, Yeni Kaledoniya, fransız Polineziyası, Uollis və Futunanın müstəqillik tərəfdarları Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğulayıblar. Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif dekolonizasiya hərəkatlarının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulanıb. Bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatından Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kastor, Martinikanın Azadlığı Partiyasından Fransis Karol, Suveren Martinika Uğrunda Demokratlar və Ekoloqlar Hərəkatından Klodet Düamel, “Tavini Huiraatira no te Ao Maohi” partiyasından Oskar Temaru, Antoni Geros, Leon Tefo, Ella Tokaragi, Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsindən Rok Vamytan və Maqali Tinqal imzalayıblar.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Fransanın hazırkı dövlət başçısı Emmanuel Makronun prezident olduğu 6 illik müddətə nəzər salsaq, onun verdiyi qərarların ölkədə vəziyyətin gərginləşməsinə, xalqın etirazlarına səbəb olduğunu görərik: “Bir neçə ay əvvəl Fransada pensiya yaşının artırılmasına qarşı etirazlarda Bordo bələdiyyəsinin binası yandırıldı. Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız bir gün ərzində Fransada bir milyondan çox insan küçələrə çıxıb. Özünü demokratiya, insan hüquq və azadlıqlarının tərəfdarı kimi göstərən Fransada polis paytaxtda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdi. Minlərlə etirazçı həbs olunmuş, yüzlərlə polis xəsarət almış, inzibati binalar, avtomobillər yandırılmışdı. Bununla yanaşı, minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.
Ç.Qənizadə onu da bildirib ki, Fransada iğtişaşlar davam edir və hadisələrin qarşısının alınmasına 45 mindən çox polis cəlb olunub. Hüquq mühafizə orqanları tərəfindən ölkə daxilində milli, irqi və dini nifrət zəminində çoxsaylı hadisələr, cinayətlər törədilir. Etirazların qəddarlıqla yatırılması ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bu da Emmanuel Makronun Fransa polisinə verdiyi əlavə səlahiyyətlərin nəticəsidir. Fransada baş verən zorakılıq halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Baxmayaraq ki, bu antidemokratik hadisələrə Avropa İnsan Haqları İnstitutları tərəfindən dərhal reaksiya verilib, hələ konkret nəticə yoxdur. Bundan əvvəl isə beynəlxalq ictimaiyyət daha bir zorakılığın şahidi olmuşdu.
Bir sözlə, Fransa özünün yanlış və qanlı siyasətinin qurbanı olmaqdadır. Təbii ki, bu ölkənin gələcəyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Makron Fransanın törətdiyi müstəmləkə cinayətlərinə görə soyqırıma məruz qalan xalqlardan üzr istəməli və terror siyasətini, eləcə də terrorçu dövlətləri dəstəkləməkdən əl çəkməlidir, əks halda Fransa bir neçə yerə parçalanacaq.
İ.ƏLİYEV