Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Məlum olduğu kimi, heç bir hərbi alyansa qoşulmayan Azərbaycan Respublikası 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə sadiq olan Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Dövlət başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıbİyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iştirak edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu deyən Prezident İlham Əliyev, COVID-19 pandemiyası ilə mübarizədə, məhz Qoşulmama Hərəkatının qlobal səyləri birləşdirdiyini vurğuladı: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”.
Hərəkatın institusional inkişafına toxunan İlham Əliyev, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti adlandırıb.BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu deyən İlham Əliyev, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yerin verilməli olduğunu bir daha qeyd edib.Prezident İlham Əliyev çıxışı zamanı neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu dilə gətirərək bildirib ki, Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır: “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlərə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə toxunan İlham Əliyev, Azərbaycanın Hərəkata sədrliyi dövründə Ermənistanı döyüş meydanında məğlub edərək 30 illik işğala son qoymasından və işğalçı ölkə kimi Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olmasından danışıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir”..
İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşmasında qətiyyətli rol oynamaqla bir çox yeniliklərə imza atıb. Azərbaycan Prezidentinin çağırışları və irəli sürdüyü təkliflər sayəsində xoşniyyətli səylər öz bəhrəsini verib, qlobal problemlərin həlli istiqamətində fəallıq nümayiş olunub.Dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edərək təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin bəhrəsidir. 120 ölkənin siyasi kordinatoru olan Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.Bir sözlə Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı məqamlar onu göstərir ki, insan hüquq və azadlıqlarına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə bəşəri dəyərləri özündə ehtiva edən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata çevrilib. Azərbaycanın uğurlu sədrliyi Qoşulmama Hərəkatını böyük qüvvəyə çevirməklə Hərəkatın nüfuzunu daha da artırıb.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi