Prezident İlham Əliyev: "Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır"
"Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirilən geniş tərkibdə görüş zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əməkdaşlığın əsasını təşkil edən mühüm amilin enerji sahəsinin inkişafı məsələləri olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə daha çox planların olduğunu diqqətə çatdırıb.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin daha bir təzahürüdür. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir.
"AZƏRBAYCANLA ALBANİYA ARASINDA YÜKSƏK SƏVİYYƏDƏ SİYASİ DİALOQUN ÇOX YAXŞI DİNAMİKASI VAR"
Ötən ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına ilk səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərin, dialoqun daha da inkişafına təkan oldu. Dövlət başçısının bu səfəri dövlətlərarası münasibətlərin daha da inkişafına, xalqlar arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir. "Biz çox sıx dostluq münasibətləri qurmuşuq və Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var", - deyən Cənab Prezident bunun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu söyləyib. Hər iki dövlətin beynəlxalq təşkilatlarda fəal çalışdığını qeyd edən Cənab Prezident qeyd edib ki, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk: "Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi".
"AVROPA İTTİFAQI BAZARINA AZƏRBAYCANIN TƏBİİ QAZ İXRACI ARTIR"
Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Görüş çərçivəsində ikitərəfli gündəlik, regional məsələlərə, təhlükəsizlik mövzusuna və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb. "Hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır", - deyən Cənab Prezident qeyd edib ki, burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir. Qaz təchizatı məsələlərinə gəldikdə isə, bildiyimiz kimi, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlanılmışdır. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdı. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. mətbuata bəyanatında dövlət başçımız Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlığın nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətli olduğunu bildirib. Həmin boru kəmərinin Albaniyanın ərazisindən keçdiyini və hazırda enerji təhlükəsizliyinin mənbəyi olduğunun diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır: "Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik".
"ALBANİYANIN QAZLAŞDIRILMASI LAYİHƏSİ İLƏ BAĞLI İŞLƏR CƏDVƏLƏ UYĞUN GEDİR"
Müasir dünyamızda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında onu da bildirib ki, Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir: "Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq".
Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub.
Əlbəttə ki, qarşılıqlı rəsmi səfərlər əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI