PDF Oxu

Siyasət

  • 3 237

Zəngin ənənələrə malik ali təhsil ocağımız TƏHLİL

Zəngin ənənələrə malik ali təhsil ocağımız TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd ediləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 yaşına təhsil və yaradıcılıq sahəsində böyük nailiyyətlərlə qədəm qoyub. Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitet başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkar, Milan və Kiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova və başqa tanınmış sənətkarlar olmuşlar. Bakı Teatr Məktəbi fəaliyyətə başladığı zamanda təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlamağa başlayır. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılır və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayır. 1991-ci ildə isə İncəsənət İnstitutu Universitet statusu qazanır. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılır. 1954-cü ildə instituta Azərbaycan teatr sənətində böyük rolu olan xalq artisti Mirzəağa Əliyevin adı verilir. Bir çox musiqi xadimləri bu qocaman tədris ocağında çalışaraq mədəniyyət işçilərinin böyük bir nəslini yetişdiriblər. Görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi, xalq artistləri, bəstəkarlar - Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər - Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov, Milovanov, musiqişünaslar - Danil Danilov, Nailə Kərimova və başqaları burada uzun müddət fəaliyyət göstərmişlər.
1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılır. 1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılır. Filial Azərbaycanın şimal bölgəsində yüksək ixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilib. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir. Belə bir zəngin fəaliyyəti ilə seçilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 illik tarixə sahibdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Dövlət başçısının "Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən, milli mədəniyyətin, incəsənətin inkişafında və bu istiqamətdə mütəxəssis hazırlığında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi xidmətləri nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.
Bildiyimiz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr verib. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Ali təhsil ocağı yeni bir dövrünü yaşayır. Burada "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi" fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi" yaradılıb. Bu məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən, Prezident Administrasiyasının foto-arxiv şöbəsindən Ulu Öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir. Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var.
Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "SABAH" qrupları da fəaliyyət göstərir. "SABAH" qrupları xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şərait yaradır. Zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 100 yaşını qeyd edir. Respublikanın ictimai və mədəni həyatında yaxından iştirak edən ali təhsil ocağının yetirmələri hazırda ölkəmizin və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər