Qlobal çağırışların cavablandırılması, beynəlxalq terrorizmə qarşı mübarizə, sülh, təhlükəsizlik məsələləri və digər bəşəri problemlərin çözülməsi, konfliktlərin araşdırılması üçün nüfuzlu təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın bu quruma sədrliyi dönəmində çevikliyi, ədalətli mövqeyi ilə dünya siyasətinə təsirini önəmli dərəcədə gücləndirib. Hərəkata üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələr son dövrdə xeyli fəallaşaraq ümumi məqsədlər uğrunda mübarizəyə yeni töhfələr verir. Çox da uzaq olmayan keçmişə nəzər saldıqda məlum olur ki, bəşəriyyət üçün kabus sayılan COVID-19 pandemiyasından əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problemin aradan qaldırılması yönündə Qoşulmama Hərəkatının, onun indiki sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskar, səmərəli fəaliyyəti bütün dünyada rəğbətlə qarşılanıb.
Dövlətimizin başçısının “peyvənd millətçiliyi” ilə bağlı təklifinin BMT-də sənəd kimi qəbul olunması bu ədalətsizliyin aradan qaldırılması, kasıb ölkələrin pandemiya təhlükəsindən xilası üçün imkanları genişləndirib.Hərəkatın Azərbaycan paytaxtından dünyaya yayılan təşəbbüsləri onun BMT-dən sonra ikinci böyük beynəlxalq qurum olaraq nüfuz və gücünü artırmaqla yanaşı, ölkəmizin də beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Bakı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etməklə yenidən dünyanın diqqət mərkəzindədir. Necə deyərlər, hərəkatın nəbzi yenidən Azərbaycanın paytaxtında döyünür. Son dövrdə Bakı dünyada narahatlıq, bəşəriyyət üçün təhlükələrin aradan qaldırılması ilə bağlı bir sıra nüfuzlu beynəlxalq mövzuların mərkəzi kimi məşhurlaşıb. Prezident İlham Əliyev görüşün açılışında çıxışı dünyanı qütblərə bölən, ədalətsiz qərarları, məsuliyyətsiz bəyanatları ilə bəşəriyyəti məhvə sürükləmək iddiasını ortaya qoyanlara növbəti sərt təpki, eyni zamanda, siyasi dərs oldu. Azərbaycan Prezidenti Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından dərin narahatlığını ifadə etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri kimi bu qurumun məram və prinsipləri baxımından dünyada vüsət alan islamofobiya və ksenofobiya hallarından, eləcə də gerçəkdən ümumbəşəri dəyər olan İslam dininin məqsədli şəkildə terrorla və digər qeyri-insani rəftarla eyniləşdirilməsi kimi uğursuz cəhdlərdən də narahatlığını ifadə etdi, bu antibəşəri meyilləri kəskin pislədi.Prezident Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılmasının, təhqir olunmasının və buna ifadə azadlığı adı altında bəraət verilməsinin qəbulolunmaz olduğunu bildirdi. Azərbaycan Prezidenti dünya ictimaiyyətini dərindən narahat edən qlobal problemləri bir daha gündəmə gətirməklə həqiqətə növbəti dəfə gur işıq saldı. Mümkündür ki, bu qınayıcı həqiqətlər məlum imperialist dairələr üçün qıcıq yaratsın, əlahəzrət həqiqəti eşitmək həmin tiplər üçün xoş olmasın. Amma görünən odur ki, dünya bu gerçəyin tərəfindədir və Prezident İlham Əliyevin qlobal aləmin ağrılarını ifadə edən siyasətini, bu yöndə müdrik və qətiyyətli fəaliyyətini dəstəkləyir.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri