Sivilizasiyanın inkişafı zamanı bəşəriyyət qarşısında dəfələrlə mürəkkəb, bəzən qlobal xarakterli problemlər yaranmışdır. Təəsüflər olsun ki, sürətlə inkişaf edən dünyada, bu tendensiya hələ də davam edir və bu gün dünyamız ziddiyətlər məkanına çevrilmək üzrədir. Həll oluna biləcək məlum problemlərin zaman aşırı qlobal xarakter alması, müasir bəşəriyyətin həyatının müxtəlif sahələrinin qeyri-bərabər inkişafı və insanların sosial-iqtisadi, siyasi, ideoloji, sosial-təbii və digər münasibətlərində yaranan ziddiyyətlərə bağlanır. Bu problemlər bütövlükdə bəşəriyyətin həyatına təsir edir. Bəşər mədəniyyətinin inkişaf tendensiyaları ziddiyyətlidir, ictimai təşkilatlanma səviyyəsi, siyasi və ekoloji şüur çox vaxt insanın aktiv transformasiya fəaliyyətinə uyğun gəlmir. Dünya bir çox problemlərlə üz-üzədir: pandemiya, iqlim böhranı və ayrı-ayrı ölkələrin hüdudlarından çox kənara çıxan getdikcə daha mürəkkəb humanitar vəziyyətlər. Bu vəziyyətdə qlobal problemlərin həlli, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini tələb edir və bu işdə Azərbaycan öz fədakarlığını göstərərək, qətiyyətli mövqeyini həm sözdə, həm də əməldə, istər müstəqil formatda, istərsə də üzv olduğu hər bir təşkilat çərçivəsində bildirir, bəşəriyyətin ağır dövründə, dünyamıza sülh naminə öz müsbət tövhələrini verir. İldən ilə güclənən bu mövqe, Azərbaycanın dünyada artan nüfuzuna əsaslanır və yüksək beynalxalq etimadın göstəricisi sayılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyəli diplomatik və liderlik keyfiyyətləti müxtəlif təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı təşkilatında heyranlıqla qarşılanır və ölkəmizin vacibliyini ciddi artırır.
Bu il də dünyada sülh və sabitliyin qurulması istiqamətində, Azərbaycanda növbəti addım atıldı. Cari ildə, İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Dövlətimizin Başçısı cənav İlham Əliyev görüşdə çıxış edərək, bir çox aktual məsələlərə toxundu, əsaslı nitqi dünya mediasında geniş yer aldı.
Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Heç bir hərbi-siyasi bloka qoşulmayan, müstəqil siyasət yürüdən dövlətimiz 2011-ci ildə bu strukturun tamhüquqlu üzvü olub. Qısa müddətdə Azərbaycan Hərəkat üzvləri arasında böyük etimad və hörmət qazanıb və 2016-cı ildə Qoşulmama Hərəkatının rəhbərlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib. Sədrlik dövründə aparılan işlərin effektivliyi və Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana daha da yüksələn etimadı, üzv dövlətlərin yekdil rəyi nəticəsində, ölkəmizin təşkilatda sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna qədər uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə ciddi töhfə verir.
Qoşulmama Hərəkatında sədrlik Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun güclənməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığının miqyasının genişləndirilməsinə, BMT və digər beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə xidmət etdi və təbii ki, ölkəmizə Qoşulmama Hərəkatı kimi böyük siyasi strukturda liderlik təcrübəsini gücləndirməyə kömək edir.
2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə cənab Prezident vurğuladı: “Azərbaycan sədrliyinin və fəaliyyətinin prioritetlərini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə qoruyacaq. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, onun daxili işlərinə qarışmaq cəhdlərini effektiv şəkildə neytrallaşdırır”. Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi sevindirici haldır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Vətən Müharibəsi illərində bizə göstərdiyi dəstək son dərəcə dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad etməyən birtərəfli kommunikenin qəbuluna mane olublar. Beləliklə, bu ölkələr Qoşulmama Hərəkatının sənədlərindən irəli gələn prinsipial mövqeyinə qətiyyətlə bağlı olduqlarını nümayiş etdirdilər. Təbii ki, belə addımlar bu birliyin inkişaf sürətinə müsbət təsir göstərərək, üzv ölkələrə Azərbaycan kimi yaxın tərəfdaş və dayaq qazandırır.
Sürətlə inkişaf edən qlobal situasiyaların yaratdığı böhranlar, təhlükələr və çağırışlar dövlətlərin gələcək iqtisadi inkişafa və sosial tərəqqiyə, sülh və təhlükəsizliyə, insan hüquqlarına və qanunun aliliyinə nail olmaq səylərinə mane olmaqda davam edir. Beynəlxalq münasibətlərin bəzi subyektlərinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə biganə yanaşması ciddi narahatlıq və qınaq doğurur. Dünyada neokolonializm meyillərinin artmasından olduqca narahatdlıq bildirən Dövlətimizin Başçısı cari görüşdə çıxış edərək, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın, Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməsini, Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməsini tələb etməsi və Fransa hakimiyyətinə başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmağı tövsiyə etməsi onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının fundamental prinsiplərinə sadiq olaraq, öz ləyaqətini hər zaman güstərməyə qadirdir və əsl lider kimi mövqeyini bildirir.
Yarım əsrdən artıqdır ki, Hərəkat ümumbəşəri dəyərləri təbliğ edən, dünyanın ən böyük təşkilatlarından biri olan, planetdə sabitliyin, sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm tövhə verməyə çalışan, bu gün ümumbəşəri dəyərlərin təbliği və qlobal problemləri həll etmək və dövrümüzün çağırışlarına cavab vermək baxımından, xüsusi əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatı əməkdaşlığın, xüsusən də çoxtərəfli və bütün iştirakçılara qarşılıqlı fayda gətirən siyasət və təcrübələri dəstəkləyir. Qoşulmama Hərəkatının bir çox üzvləri həm də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Hər iki təşkilat sülhsevər əməkdaşlıq siyasətini bəyan edir, lakin Qoşulmama Hərəkatının çoxtərəfli razılaşmalardakı uğurları, BMT-nin dominant olduğu daha böyük və inkişaf etmiş müəyyən ölkələr tərəfindən ümumiyyətlə nəzərə alınmır.
Hərəkat BMT-nin mövcud strukturlarını və güc dinamikasını açıq şəkildə tənqid edir, təşkilatdan güclü dövlətlər tərəfindən hərəkatın prinsiplərini pozan üsullarla istifadə edildiyini bildirir. Təklif olunan BMT islahatları, həmçinin BMT-nin qərar qəbuletmə prosesində şəffaflığı və demokratiyanı artırmaq məqsədi daşıyır. BMT Təhlükəsizlik Şurası onun ən təhrif olunmuş, qeyri-demokratik və dəyişikliyə ehtiyacı olan elementidir.
Beynəlxalq vəziyyətin sürətlə inkişafı, güclər arasında gərginləşən qarşıdurma fonunda çoxqütblüliyə keçid, hətta böyük dövlətlərin də təkbaşına öhdəsindən gələ bilməyəcəyi bir çox qlobal problemlərin həll edilməməsi, Qoşulmama Hərəkatı qarşısında tam şəkildə yeni məqsəd və vəzifələr qoyur, təşkilat olaraq mühüm beynalxalq platforma olaraq, mövcudluğuna haqq qazandırır. Azərbaycanın mövqeyi sülh və təhlükəsizlik, qanunun aliliyi, iqtisadi inkişaf və sosial tərəqqi, insan hüquqlarının müdafiəsi və təşviqi üçün beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayır. Qoşulmama Hərəkatına daha da birlik və ardıcıllıq gətirmək məqsədini rəhbər tutan üzv ölkələrin səy və fəaliyyətlərinin intensivləşdirilməsi, Hərəkatı müxtəlif qlobal məsələlərdə ümumi maraqların təşviqində güclü, vahid və sabit etməklə, eləcə də inkişaf etməkdə olan ölkələr arasında daha da böyük qarşılıqlı əlaqələr yaradır.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü