PDF Oxu

Siyasət

  • 2 199

Azərbaycanın mövqeyi dəyişməzdir - TƏHLİL

Azərbaycanın mövqeyi dəyişməzdir - TƏHLİL

Prezident İlham Əliyev: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır"

Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Və bu gün İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq. Çünki Azərbaycan Qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə müxtəlif bəhanələr gətirib vaxt udmaq istəsə də buna nail ola bilmir. Səbəb isə bölgədə marağı olan güclər Cənudi Qafqazda sülhün və təhlükəsizliyin tez bir zamanda təmin olunmasında israrlıdırlar. Və bu gün dünya birliyi də Azərbaycanın haqlı tələbini aydın şəkildə dəstəkləyir. Tərəflər arasında aparılan sülh danışıqları isə həm Rusiyada, həm də Avropada reallaşır.

Bəli, bu gün Azərbaycanın mövqeyi dəyişməzdir. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində, müsahibələrində dönə-dönə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayır.

"SÜLH DANIŞIQLARI İLƏ BAĞLI MÖVQEYİMİZ AYDINDIR"

2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyev sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, irəli sürülən prinsipə əsaslanan sülh müqaviləsi imzalana bilər: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".

Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.

Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Bəli, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.

"ƏGƏR ERMƏNİSTAN SÜLH İSTƏMİRSƏ SÜLH OLMAYACAQ"

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Tarix onlara dərs verməlidir...

Amma bu ölkə anlamır ki, Azərbaycan torpaqlarını artıq işğaldan azad edib, nə "Dağlıq Qarabağ" var, nə də "status". İndi reallıq budur ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarla bağlı özü qərar verir, Ermənistan kimi kiminsə qulu-vassalı deyil. Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə reallaşır. Tərəflər arasında intensiv təmaslar yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 3, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə 5 görüş keçirilib. Bu formatlarda tərəflər arasında keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə olunub, müvafiq bəyanatlar da imzalanıb. Düzdür, imzalanan bütün bəyanatlarda Azərbaycanın diplomatik üstünlüyü özünü göstərib. Son iki bəyanatda yer alan müddəalara əsasən isə Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən təsdiqləyib. Qəbul edilmiş bəyanatlar da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçir və sənədlər Azərbaycanın istəklərinə uyğun formada qəbul olunur.

Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prezidenti müəyyənləşdirir. Bütün ağrılı məqamlara, işğalın ağır fəsadlarına, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Həm də Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir.

Bunun ardınca isə Prezident İlham Əliyev son zamanlar aparılan danışıqlara Fransanın müdaxilə etməsini və Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməklə Ermənistana dəstək göstərməsini faktlar əsasında ortaya qoydu. Eyni zamanda bildirdi ki, Ermənistan və onun havadarlarının istəyi sülh sazişinin imzalanması deyil, danışıqlar prosesinin uzanmasıdır: "Sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!".

Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Və Azərbaycan Prezidenti İlham Əliyevin bu mesajı Ermənistana 2 yol göstərir: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Və bu gün Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi - siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil. O zaman əgər….

"ERMƏNİSTAN SÜLH İSTƏYİRSƏ, SİLAHLI QÜVVƏLƏRİNİ QARABAĞDAN ÇIXARMALIDIR"

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə də çıxışı zamanı bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.

"Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.

Bəli, artıq rəsmi Bakının səbri tükənir, ən qısa zamanda sülh sazişinin imzalanmasında israr edir; Gözlənilən hərbi təhlükə qarşısında aciz qalan Paşinyan hakimiyyəti yeganə və məcburi seçim variantı ilə üzləşib...
Göründüyü kimi, Azərbaycan Prezidentinin açıqlamasında Ermənistana yönəlik açıq xəbərdarlıq mesajı da yer alır. Dövlət başçısı Ermənistanı sülh və savaş arasında prinsipial seçim etməyə çağırır. Sülh sazişi imzalanana qədər sülh vəziyyətinin olmayacağını bəyanlayır. Yəni, Ermənistan sülh istəyirsə, sülh sazişini mütləq ən qısa zaman ərzində imzalamalıdır. Azərbaycan Prezidenti rəsmi İrəvandan sülh sazişi ilə bağlı müsbət reaksiya gözlədiyini qabardır: "Çünki, əgər, bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi".

Bəli, həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəsinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni Azərbaycan Prezidenti Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan sülhün, qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq: Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir.
Bir sözlə, Azərbaycan öz sülh təşəbbüslərinə adekvat cavab tələb edir və bizim buna tam haqqımız çatır. Çünki haqq-ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Biz heç kimin ərazisinə göz dikmirik və öz halal torpaqlarımızın bir qarışını da heç kəsə verməyəcəyik. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər