“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəni iqtisadi inkişaf və aparılan çoxşaxəli islahatlarla bağlı iki başlıca istiqamət öz ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycanın yeni iqtisadi inkişaf vizyonunu və bölgədə artan nufuzunu əks etdirən strateji baxışlardan qaynaqlanan müdrik dövlət siyasətinin nəticəsi hesab edilə bilər”. Bu sözləri SİA-ya Milli
Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputat qeyd edib: "Birinci istiqamət 2023-cü ilin ötən 6 ayı ərzində əldə olunmuş nailiyyətlər və maliyyə potensialının yaratdığı imkanlardan səmərəli istifadə edilməsi ilə bağlıdır. Dövlət Başçısının vurğuladığı kimi birinci yarımildə iqtisadiyyatımız qeyri-neft drayverləri üzərində dayanıqlı inkişaf templərini davam etdirib və 6 ayda həmin sektorda 3 faizdən çox artım əldə olunub. Qeyri-neft sənayesində isə 6,5 faiz artım qeydə alınıb ki, bu da sürətli dinamika sayəsində ölkəmizin maliyyə fiskal potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Nəticədə büdcənin maliyyə imkanlarının genişlənməsi əlavə mənbələr hesabına büdcəyə dürüstləşmələr aparılmasına səbəb olub".
Qeyd edilib ki, dürüstləşmələr nəticəsində büdcənin xərclərinin məbləği 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılıb: "Həmin xərclərin əsas istiqamətləri isə ölkənin birinci milli prioriteti olan azad edilmiş ərazilərdə dayanmadan fasiləsiz aparılan yenidənqurma və bərpa işlərinin təcili şəkildə daha da davam etdirilməsinə yönəldilib. Eyni zamanda, ölkəmizin müdafiə qüdrətinin artırılması və yeni reallıqlardan doğan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə həmin sahənin xərcləri artırılıb".
Dövlət başçısının müşavirədə səsləndirdiyi ikinci mühüm istiqamət və mesaj qarşıdakı dövrdə iqtisadi inkişaf strategiyası çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün bütün zəruri imkanların səfərbər edilməsi ilə bağlıdır: "Burada da sözsüz ki, əsas tapşırıq inflyasiya ilə mübarizə sahəsində bütün resursların gücləndirilməsi istiqamətində müəyyən edildi".
"Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin uğurlu icrası ölkənin maliyyə intizamının gücləndirilməsi, şəffaflıq potensialının artması, vergi və gömrük yığımlarının həcminin yüksəlməsi üçün güclü bünövrəni daha da möhkəmləndirir və növbəti ildə ölkəmizin inkişaf proqramlarının əhatəsində gücləndirilməsi mümkün olacaqdır", - Deputat vurğulayıb.