Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərmişdir ki, xalqların və dövlətlərin inkişafında liderlərin çox böyük rolu olmuşdur. Güclü lideri olan dövlətlər və millətlər çox yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Belə liderlər bizim xalqın tarixində də yetişmiş, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir.
Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan dövlətinin, müstəqilliyinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev unikal siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb. Ona görə də bu gün dünya xalqları və onların rəhbərləri Azərbaycanı, onun liderini tanıyır, ünvanına gözəl fikirlər söyləyirlər. Bu, xalqımız üçün böyük fəxrdir. Heydər Əliyevin gözəl idarəçilik qabiliyyətinə, yüksək intellektə, qeyri-adi nitq mədəniyyətinə, natiqlik bacarığına malik olması dünyanın məşhur siyasətçiləri, liderləri arasında onun adının həmişə birincilər sırasında çəkilməsinə səbəb olmuşdur. Belə bir faktı göstərmək kifayətdir ki, bir neçə il bundan əvvəl Braziliyanın “Planetin səsi” qəzetinin doqquz dövlətin jurnalistinə ünvanladığı “Dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz?” sualına cavab kimi altı dövlətin jurnalisti birinci olaraq Heydər Əliyevin adını çəkmişdir.
Dünyanın ən görkəmli ictimai-siyasi və dövlət xadimləri, ümumən beynəlxalq ictimaiyyət Heydər Əliyevin vətəni – dövləti qarşısındakı xidmətlərinə, dünyada təhlükəsizliyin qorunmasına, iqtisadi-mədəni sahələrdəki məzmunlu fəaliyyətinə görə onu yüksək qiymətləndirmiş, adını həmişə uca tutmuşlar. Bu dahi şəxsiyyət haqqında söylənilən dəyərli, sanballı fikirlərin hamısını sadalamaq imkan xaricində olsa da, bəzilərini diqqətə çatdırmaq yerinə düşər. Bill Klinton: “Prezident Heydər Əliyevin fəaliyyəti Azərbaycanın tərəqqisinə və inkişaf etmiş dövlətə çevrilməsinə xidmət etmişdir”. ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer: “Heydər Əliyevin uzaqgörən siyasəti ölkənin xalqını firavanlığa, intensiv inkişafa gətirib çıxaracaq”. Ukraynanın eks-prezidenti Leonid Kuçma: “Yaroslavl Mudri ordeninin üzərində bir yazı var: “Müdriklik, şöhrət”. Bu sözləri tam mənada Heydər Əliyevə aid etmək olar”. Heydər Əliyevin gənclərə ünvanladığı ən gözəl kəlamı bu idi: “Mən həmişə yaradanıma, xalqıma, əməyimə arxalanmışam”. Bu kəlamdan nəticə çıxararaq gənclərimiz, tələbələrimiz də həmişə əməyə arxalanmalıdırlar.
1969-cu ildən siyasət meydanında parlayan bu nadir insan həlli müşkül siyasi vəziyyətlərdə çevik, ayıq manevretmə qabiliyyəti, tükənməz enerjisi ilə çox keçmədən mərkəzi dairələrə səs salır. Uzun müddət vəzifədə olarkən əlindən tutub çörək verdiyi insanların o, vəzifədən ayrılarkən dönüklük etməsi şübhə yox ki, dahi rəhbəri mənən sıxmamış deyildi. Bu hissləri publisist belə nəql edir: “...adamlar, o iqtidardan düşdükdən sonra necə bəd üz göstərmələri hamıdan əvvəl H.Əliyevin özünə təsir etməlı idi və emosional adam olduğu üçün yəqin ki, də etdi”.
1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı.
Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə respublika rəhbəri olarkən, tutduğu vəzifəsindən asılı olmayaraq, mərkəzi komitə katibi və raykom katibi də daxil olmaqla, heç bir vəzifəli şəxsin qanunsuz hərəkətini bağışlamırdı. Təbiətən hüquq pozuntularına və qanunsuzluğa, xüsusilə vəzifədən sui-istifadə hallarına qarşı barışmaz mövqe tutan respublika rəhbəri bütün fəaliyyəti dövründə belə hallara qarşı prinsipial mövqeyini heç vaxt dəyişməmiş və bunu tabeliyində olan bütün vəzifəli şəxslərdən tələb etmişdir.Hələ 60-cı illərdə keçmiş Sovetlər Birliyi məkanında ölkəmiz müttəfiq respublikaların sırasında geridə qalanların cərgəsində idi. İqtisadiyyatın müxtəlif sahələrinə dair dövlət planları kəsirlə yerinə yetirilir, qanunçuluğun və dövlət intizamının pozulması faktları adi hal almış, ictimai həyatda laqeydlik və biganəlik baş alıb gedirdi, bir sözlə, ictimai-siyasi həyatın bütün sahələrində gerilik açıq-aşkar özünü göstərirdi. Bakı nefti istər Birinci, istərsə də İkinci Cahan müharibələrində dünyada diqqəti cəlb etsə də, ötən əsrdə 60-cı illərə qədər keçmiş Sovetlər Birliyi məkanında respublikamızı, xalqımızı demək olar ki, tanımırdılar. Lakin 14 iyul 1969-cu il-də Heydər Əliyev respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra vəziyyət əsaslı surətdə dəyişdi. Artıq yetmişinci illərin əvvəllərində ölkənin iqtisadiyyatının, o cümlədən sənaye və kənd təsərrüfatının sıçrayışlı inkişafı başladı.
Ümumiyyətlə, Heydər Əliyevin gərgin əməyi, səmərəli fəaliyyəti nəticəsində ölkənin sənayesində, kənd təsərrüfatında, bir sözlə, iqtisadiyyatın bütün sahələrində, elm-tədris sahəsində, incəsənət və mədəniyyət sahəsində, sosial sahədə, ümumiyyətlə ictimai-siyasi həyatımızın bütün sahələrində indiyə kimi görünməmiş nailiyyətlər əldə edildi. Heydər Əliyev keçmiş Sovetlər Birliyi dövründə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində işlədiyi müddətdə də respublikamızın inkişafı naminə öz qayğısını əsirgəməmiş, kommunist rejiminin qadağalarına, rəsmi Moskvanın təzyiqlərinə baxmayaraq, ölkəmizin daha da inkişafı naminə sovetlər dövründə nə mümkündürsə onu etmişdir. Bu gün Bakını bəzəyən ən möhtəşəm binalar və digər tikililər, məhz, Heydər Əliyevin respublika-ya rəhbərlik etdiyi dövrdə inşa edilmişdir. Respublika Sarayı (indiki Heydər Əliyev Sarayı), “Gülüstan” Sarayı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI , 54 Bakı Kondisionerlər zavodu, Bakı Metropoliteni stansiyalarının böyük əksəriyyəti, Beynəlxalq hava limanı və s. kimi, nəhəng tikililər həmin illərdə inşa edilmiş və istifadəyə verilmişdi.
1969-1982-ci illərdə Azərbaycanın sürətli inkişafı, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması bugünkü müstəqilliyimizin təməlinin qoyulmasında böyük rol oynayıb. Azərbaycanın sənaye-aqrar respublikasına çevrilməsi də bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider respublikaya rəhbərlik etdiyi dövrdə bütün fəaliyyəti ilə hər bir azərbaycanlıya Vətən, xalq üçün qurub-yaratmaq, xidmət etmək fəlsəfəsini aşılayıb. 1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi yaddaşlara həkk olunub. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz Ulu öndərin respublikaya rəhbərliyindən sonra başlayıb. Ulu Öndər sərt sovet rejimində Vətən, millət naminə həyatını riskə qoyaraq, hər an “millətçi” damğası almaq təhlükəsindən qorxmadan, çəkinmədən azərbaycançılığın ən parlaq səhifələrini yaradıb. O, Azərbaycanda milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol verməyib, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarıb və buna nail olub.
Heydər Əliyevin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsi olub. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan Ulu Öndər yüksəksəviyyəli yığıncaqlarda, müşavirələrdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanıb. O, çox yaxşı bilirdi ki, qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi.Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin Konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmamışdı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin Konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri, ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə aparmış, bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, Heydər Əliyevin öz xalqı, Vətəni, milləti qarşısında göstərdiyi ən böyük xidmətlərindən biri idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qoruyub. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqillik illərində də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, ana dilimizin qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, o cümlədən Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb.
Ulu Öndər müstəqilliyimizin əbədiliyin qorunmasında gənc nəslin hərtərəfli yetişməsini, dövlət işlərinə cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.
Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə — Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.
1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
Məhz bu dövrdə — Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə — şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.
Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib" müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi" damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!
Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul - Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər!!!
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri