PDF Oxu

Siyasət

  • 3 074

İqtisadi inkişafın əsasında vətəndaş amili dayanır - ŞƏRH

İqtisadi inkişafın əsasında vətəndaş amili dayanır - ŞƏRH

Dünyanın qloballaşdığı dövrdə Azərbaycan, hansı istiqamətdə getdiyimizi, gələcək nəsillər üçün hansı gələcək yaratmaq niyyətində olduğumuzu aydın dərk edərək, öz inkişaf hədəflərini müəyyən edərək dinamik və ardıcıl irəliləyir. Müasir dünya reallıqları ölkələrdə ictimaiyyətin müxtəlif davranış və inkişaf üsullarını, eləcə də dövlətlərin inkişaf modellərini diktə etməyə çalışır. Bu vəziyyətdə bir çox dövlətlər və xalqlar nəinki öz dövlətçiliyinin inkişaf modellərini və xalqın sabitliyini qoruyub saxlaya bilmir, hətta hərtərəfli xarakter daşıyan xarici təsirlərə qarşı müqavimətini də itirir. Dünyadakı mövcud tendensiyalar göstərir ki, yalnız xarici və daxili siyasət və iqtisadiyyat arasında aydın balans saxlayan, ən müasir texnologiyalara yiyələnən, insanın hərtərəfli inkişafına sərmayə qoyan dövlətlər və xalqlar dünyada rəqabətə davamlı olacaqlar. Əsas faktorlardan biri olan iqtisadiyyat, strateji hədəflərə çatmaq üçün xüsusi önəm daşıyır. Ölkəmizdə davamlı inkişafın olması və bu fonda makroiqtisadi sabitliyin mövcudluğu, digər istiqamətlərdə pozitiv göstəricilər Azərbaycanın sabahına ümidləri artırır və ümumilikdə dövlətimizin parlaq gələcəyinə inamı gündən-günə möhkəmləndirir. Bu gün Azərbaycan iqtisadiyyatının yeni keyfiyyət mərhələsindədir və bu mərhələnin əsasında Azərbaycan vətəndaşı durur. Buna bariz nümunə, cari ilin 11 iyul tarixində 2023-cü ilin, altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədr qismində çıxışında qeyd olunan göstəricilər və nəticələrdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xarici iqtisadi siyasətdə beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələrə böyük önəm verildi. Ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görülüb. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq strukturların, o cümlədən 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür.

Ümumilikdə müstəqil Azərbaycanın iqtisadi inkişafını iki əsas mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illəri əhatə edən xaos və ya tənəzzül dövrü, ikincisi isə 1993-cü ildən başlayan və bu gün də davam edən makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı dövrüdür.

Keçən əsrin ilk illərində, yeni antimilli mərkəzlərin oyuncaqlarına çevrilən rəhbərlərin məkrli fəaliyyəti nəticəsində, Azərbaycan uçuruma sürükləndi. Azərbaycanın belə ağır və çətin dövründə, xalqımız öz nicat və xilasını yalnız Vətənin taleyini hər şeydən üstün bilən Ulu öndər Heydər Əliyevdə gördü. Azərbaycan xalqı əmin idi ki, ölkəni bu acınacaqlı vəziyyətdən, ancaq bu dahi xilas edə bilər. Ona görə də xalq, Ümummilli Lider, Ulu Öndər hesab etdiyi Heydər Əliyevi israrla Bakıya dəvət etdi. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin, eyni zamanda, şərəfli bir missiyanı üzərinə götürdü. Ümummilli Liderin rəhbərliyi ilə, ölkədə ən qısa müddətdə bazar iqtisadiyyatının formalaşması üçün qanunvericilik bazası yaradıldı, məqsədyönlü dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərinin əsaslı şəkildə dəyişdirilməsi istiqamətində addımlar atıldı.

Ümummilli Lider iqtisadiyyatda köklü dəyişiklik üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasətin aparıcı siması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə edərək, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, siyasi iradənin və qətiyyətin təntənəsi olan “Əsrin müqaviləsi”ni imzaladı. Bu saziş, həm də Azərbaycanın qapılarını bütün dünyaya açdı, bu sahədə yeni müqavilələrin imzalanmasına, ölkə iqtisadiyyatına investisiyaların yatırılmasına təkan verdi. “Əsrin müqaviləsi” ölkədə neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına təkan verdi.

Ulu öndər Heydər Əliyev siyasətinin əsas prinsiplərindən biri - hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi olmuşdur. Ümummilli Liderin rəhbərliyi ilə, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində, 1996-cı ildən başlayaraq sosial göstəricilərin dinamikasında müsbət meyillər nümayiş etdirilmişdir. 1999-cu ildə Ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Bu fondun məqsədinə uyğun olaraq, maliyyə vəsaitlərinin səmərəli idarə edilməsi, o cümlədən xarici şirkətlərlə neft müqavilələrinin icrası və dövlətə aid edilən neftin satışından əldə edilən gəlirlərin istifadəsi nəticəsində, prioritet istiqamətlərin və sosial-iqtisadi layihələrin icrası sürətlənmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində, çətin başlanğıc nöqtəsinə baxmayaraq, dövlət müstəqilliyini bərpa etdikdən sonra qısa bir tarixi dövrdə, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası istiqamətində çox böyük uğurlar əldə edilmişdir. Ən böyük nailiyyət ondan ibarətdir ki, bu dövrdə ölkədə həyata keçirilən müstəqil dövlət quruculuğu prosesi nəticəsində, inkişaf və iqtisadi islahatların mahiyyəti etibarı ilə yeni bir dayanıqlı inkişaf model yarandı.

Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində, 1995-2003-cü illərdə ölkədə ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsullarının həcmi 22,4 faiz, kənd təsərrüfatı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda muzdla işləyənlərin orta aylıq əmək haqqı 6,2 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə enmişdir.

Dövlətimizdə istər mənəvi, istərsə də hüquqi baxımından, Azərbaycan vətəndaşına verilən önəm aparıcı faktor olaraq, bu gün də ümumi inkişafın stimullaşdırıcı qüvvəsidir. Cənab Prezident İlham Əliyev sözügedən müşavirədə əsaslı qeyd etdi ki, “Makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edilməsi, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən iqtisadi siyasəti nəticəsində əldə olunan uğurlar, daha da möhkəmlənib. Hazırda Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji və infrastruktur layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Azərbaycanın xaricə sərmayə yatıran ölkəyə çevrilməsi, kosmosa peyk göndərən məhdud sayda dövlətlərə qoşulması, əhalinin rifah halının yüksəldilməsi son on illərin mühüm nailiyyətləridir. Bu illər ərzində iqtisadi islahatlar baxımından, Azərbaycan qədər sürətlə inkişaf edəcək ikinci ölkə yox idi. Ordu quruculuğunda da mühüm irəliləyişlər əldə edildi. Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, şəxsi heyətinə, maddi-texniki təchizatına və digər parametrlərinə görə, dünyanın ən güclü ordularından biridir. O, Cənubi Qafqazda şəksiz liderdir.

Üçüncü minilliyin əvvəllərində Azərbaycan iqtisadiyyatı ilk yeni keyfiyyət mərhələsinə qədəm qoydu və bu, hökumət qarşısında əlavə öhdəliklərin müəyyən edilməsində yeni vəzifələr üzə çıxardı. Bu mərhələdə əsas məqsədlər, uzunmüddətli dayanıqlı iqtisadi artımın təmin edilməsi və bu əsasda əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi olmuşdur. Bu məqsədlərə nail olmaq üçün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı əsasında iqtisadi artımın yüksək templərinin qorunub saxlanılması, onun keyfiyyət parametrlərinin artırılması nəzərdə tutulurdu. Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf konsepsiyasının məhz bu məqsədlərə çatmaq, əsas hədəf kimi qarşıya qoyulmuşdur. Bu dövrün iqtisadi siyasətinin əsas istiqamətləri, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların artırılması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, geniş sahibkarlıq təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış, davamlı iqtisadi inkişafa müsbət təsir göstərmişdir.

Bu gün Dövlətimizin Başçısının rəhbərliyi ilə, rəqabət mühitinin qorunması və xarici iqtisadi amillərin mənfi təsirinin azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə, daxili bazarın qorunması üçün konstruktiv addımlar atılır. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və onun yüksək artım templərinə nail olunması, səmərəli sosial siyasətin həyata keçirilməsini, əhaliyə sosial xidmətlər üzrə inkişaf etmiş bazarın daha da təkminləşdirilməsini zəruri edir. Sosial-iqtisadi siyasət, əhalinin aztəminatlı təbəqəsinə yardım sisteminin təkmilləşdirilməsi və islahatların mənfi təsirlərinin yumşaldılması ilə yanaşı, müqayisəli üstünlüklərin formalaşmasına öz töhfəsini verir və Azərbaycan iqtisadiyyatının daha da yüksəlişini təmin edən amillərdən birinə çevriləcəkdir. Qeyd olunanları nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin inkişafı prosesində öz vəsifəsini layiqincə icra etməli, müstəqiliyyimizə və birliyimizə təhdid yaradan təsirlərə qarşı dayanıqlı və sərt mövqe nümayiş etdirərək, dövlətimizi daha da qüdrətli, müstəqilliyimizin əbədi olmasında öz tövhəsini verməlidir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər