Cari ilin 11 iyul tarixində Prezident cənab İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Azərbaycanda son illər iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib, makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb. Eləcə də, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib. Həmçinin, ölkəmizdə qeyri-neft sektorunun inkişafı fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin önə çəkilməsi, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilib. Dövlət başçısı İlham Əliyevin müşavirədəki çıxışında səsləndirdiyi göstəricilərdə də bunlar öz ifadəsini tapmışdır.
Prezident müşavirədə söylədiyi giriş nitqində bir çox məqamlara toxundu. Belə ki, dövlətmizin başçısı müşavirədə qeyd etmişdir ki, cari ilin ilk altı ayının nəticələri onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Prezident çıxışında iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə - həm iqtisadi artım və həm də qeyri-neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının zəruriliyini xatırladıb. Bütün bunlarla bərabər, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb, qeyri-neft qaz sənayesində 6,5%, sənaye sahəsində ümumi sənaye istehsalında 3% artımın qeydə alındığını qeyd etmişdir.
Son altı aylıq dövrdə Azərbaycanın sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi önəm verilib, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırki dövrdə qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi ölkə iqtisadiyyatının dayanıqlığının şaxələndirilməsinin və rəqabət qabiliyyətinin təmin edilməsi qoyulub. Bu sayədə ölkəmiz son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Qeyd etdiyimiz göstəricilər bir daha onu göstərir ki, Azərbaycan 2023-cü ilin ötən altı ayı ərzində uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib.
Prezident cənab İlham Əliyev çıxışında sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzur regionlarında reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında iqtisadi potensialın mühüm rol oynadığına diqqət çəkərək bildirmişdir: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzur regionuna təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”. Bunlarla yanaşı dövlət başçısı çıxışında maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşdığını, bunun isə həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Misal olaraq, vergi-gömrük sahələrində aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib.
Son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, Prezidenti müşavirədəki çıxışında vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Ölkə rəhbəri, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir: “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Böyük Qayıdış planına uyğun olaraq dövlət tərəfindən məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Ölkə rəhbəri cənab İlham Əliyev bununla bağlı çıxışında bəyan etdi ki, Böyük Qayıdış naminə işlər uğurla icra edilir: “Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar”. Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə də diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını bildirdi.Sonda onu da qeyd edim ki, çox sevindirici bir haldır ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın inkişafı göz qabağındadır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini