44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin gerçəkləşməsini istəmir.İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi.Prezident cənab İlham Əliyev müşavirədə çıxışı zamanı bildirmişdir ki, “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.”
Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı