Son illər ölkənin neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzində saxlaması mühüm əhəmiyyət kəsb edir. Bakıda və eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli investisiyalar yönəldilir. Bu isə öz növbəsində qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını şərtləndirir və təsadüfi deyil ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və beynəlxalq ekspertlər Azərbaycan iqtisadiyyatının dünya dayanıqlılığını birmənalı şəkildə və dəfələrlə etiraf ediblər.
2023cü il 11iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın iqtisadi inkişafını xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin altı ayında əsas istiqamətimiz Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi: “Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır”. Bunlar ondan irəli gəlir ki, ölkəmizin dayanıqlı iqtisadi inkişafı var.
Azərbaycan öz valyuta resurslarını ildən-ilə artırır. Dövlət başçısı qeyd etdiyi kimi, maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb, bunun bir çox səbəbləri var. “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”, - deyə ölkə rəhbəri qarşıdakı planları açıqlayıb. Heç şübhəsiz ki, artan valyuta ehtiyatları Azərbaycanın gələcək işləri üçün də yaxşı şərait yaradır. Bütün bunlarla bərabər, vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı dövlət büdcəsinin əsas mənbəyi hesab olunur. Azərbaycan büdcə vəsaitindən çox qənaətlə istifadə edir. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olunur. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Prezident qeyd etdiyi kimi, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq: “Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə”.
Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Buna görə də ölkə iqtisadiyyatının günü-gündən inkişaf etməsi, sahibkarlıq və biznes mühitinin yaxşılaşması beynəlxalq hesabatlarda da öz əksini tapıb. “Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”- deyən cənab Prezident makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edildiyini qeyd edib. Ölkə gəlirlərinin artması iqtisadiyyatın digər sahələrinin də dirçəldilməsinə əlverişli imkanlar yaradıb. Bu imkanlardan hərtərəfli və düşünülmüş şəkildə istifadə olunması xalqın rifahının yaxşılaşmasında da özünü göstərir. Qeyri-neft sektoruna diqqət yetirilməsi lazımi nəticəni verib. Qazanılan uğurlar tez bir zamanda özünü regionlarda iqtisadi fəallığın artmasında, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında, təbii ehtiyatlardan səmərəli istifadə edilməsində, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında və ən vacibi yoxsulluğun səviyyəsinin azaldılmasında özünü göstərib.Bu gün qazanılmış iqtisadi nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin yüksək səmərəliliyinin nəticəsi kimi qiymətləndirilir. Azərbaycan aparılan tarazlaşdırılmış iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranından üzüağ çıxdı. Ölkə iqtisadiyyatındakı bu uğurlar vətənimizin tərəqqisi naminə dövlətin inkişafı istiqamətində görülən çox uğurlu siyasətdir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini