PDF Oxu

Siyasət

  • 2 190

Prezident fəaliyyətinin uğur hesabatı

Prezident fəaliyyətinin uğur hesabatı

"Prezident İlham Əliyev bəyan etdi ki, altı ayın yekunları 2023-cü ili də uğurla başa vuracağımızı bir daha sübut edir"

Uğurlu idarəçiliyi təmin edən əsas faktorlardan biri hakimiyyətin öz fəaliyyəti və hədəflədiyi məsələlər barədə ölkə ictimaiyyətinə məlumatların, hesabatların verilməsidir. Bu mənada da iyulun 14-də keçirilən 6 ayın yekunlarına həsr olunan müşavirdə Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm məsələlərə toxundu. Dövlət başçısını toxunduğu, qeyd etdiyi hər bir məsələ bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti qarşıda dayanan bütün vəzifələri layiqincə yerinə yetirir, hər bir məsələdə dövlətin milli maraq və mənafeləri qətiyyətlə təmin edilir. Bu baxımdan da ötən ilin 6 aylıq siyasi və iqtisadi yekunları Azərbaycan Prezidentinin növbəti hesabatı idi. Belə ki, dövlət başçısı çıxışının əvvəlində bütün istiqamətlər üzrə vəzifələrin icra oldunduğunu qeyd etdi: "İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır".

Prezident İlham Əliyev müşavirədə çıxışında sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzur regionlarında reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında iqtisadi potensialın mühüm rol oynadığını da diqqət çəkərək bildirmişdir: "Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzur regionuna təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.

Azərbaycan Prezidenti çıxışında maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşdığını, bunun isə həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrində aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib. Prezident İlham Əliyev müşavirədəki çıxışında son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlarla bağlı ölkə rəhbəri qeyd etmişdir: “Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq”.

Dövlətimizin başçısı çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırdı. Bir daha şahid olduq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir. Bu gün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına imkan yaradır.

Azərbaycan Prezidenti müşavirədə çıxışında bu gün Azərbaycanın heç kimdən asılı olmadığını və bundan sonra da asılı olmayacağını bildirərək işğalçı Ermənistana və ona havadarlvıq edənləri mesajını ünvanladı: "Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir".

Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmadığını, hər bir təxribata layiqli cavab verildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: "Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır".

Beləliklə, altı ayın yekunlarına həsr olunan müşavirə ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsi ilə yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin uğur hesabatıdır. Dövlət başçısı bir daha bəyan etdi: «Ölkəmiz davamlı inkişafdadır, Azərbaycan hər istiqamət üzrə irəliləyir, islahatlar real nəticə verir, heç kim bizim iradəmizə təsir edə bilməz!».

MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatını sədri

Digər xəbərlər