PDF Oxu

Siyasət

  • 13 438

"Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür" MÜNASİBƏT

"Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür" MÜNASİBƏT

"Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən son görüşündə ciddi irəliləyiş sayılacaq addımlar atılmadı". Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, yenə eyni məsələlər müzakirə olundu. Yenə kommunikasiyaların açılması işlərinin aparılması, delimitasiya prosesinin sürətləndirilməsi, əsirlərin qaytarılması, Bakı-Xankəndi danışıqlarının bərpa olunması zərurəti bir daha təkrar olundu. Yenilik ondan ibarət oldu ki, kommunikasiyaların açılmasına Avropa Birliyinin maliyyə yardımının mümkünlüyü söylənildi, Bakı ilə Xankəndi arasında aparılan danışıqları təşkil etmək təklif olundu və Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsilə humanitar yardımın çatdırılması zəruri sayıldı. Sonuncu təklif ermənilər tərəfindən kəskin narazılıqla qarşılandı və erməni liderlərindən biri, keçmiş “diplomat” David Babayan Şarl Mişeli bu təklifə görə təhqir etməkdən belə çəkinmədi.
Əslində, Brüssel görüşünün bu cür başa çatacağını əvvəlcədən proqnozlaşdırmaq o qədər də çətin deyildi. Prosesi diqqətlə izləyən hər kəsə məlumdur ki, ABŞ və Avropa birliyi tərəfindən Ermənistan tərəfinə zəruri təzyiq göstərib “sülh sazişi”nin yaxın günlərdə imzalanmasına nail olmaq o qədər də çətin deyil. Çünki əsas fikir ayrılıqları ermənilərin ortaya atdıqları iki təkliflə əlaqədardır. Bunlardan biri və əsas çətinlik yaradanı Qarabağ erməniləri ilə danışıqlara beynəlxalq mexanizmlərin qoşulması təklifidir ki, Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür. Alen Simonyanın da etiraf etdiyi kimi sazişin imzalanması önündə əsas maniə budur.
İkinci problem yaradan məsələ ermənilərin delimitasiya prosesini 1975-ci il xəritəsi əsasında aparmaqda təkid etmələridir. Soçidə 2021-ci ilin sonlarında imzalanan üçtərəfli bəyanata görə ermənilərin bu israrı tamamilə yersizdir və sülh danışıqlarını uzatmağa yönəlmiş addımdır. Görünür, ABŞ və AB hələlik N.Paşinyanın belə bir sənəd imzalamaq iradəsinin olmadığını anlayırlar və ona bir neçə ay əlavə vaxt vermək istəyirlər. Ancaq sülh prosesinin növbəti ilə keçməsi yolverilməzdir və sülh müqaviləsinin bu il imzalanması üçün qərb mövqeyini mütləq sərtləşdirməlidir.

GÜLYANƏ

Digər xəbərlər