PDF Oxu

Siyasət

  • 2 042

Sülh savaşı: kim zail, kim doğru? - RAKURS

Sülh savaşı: kim zail, kim doğru? - RAKURS

Maskalar yırtılır…

Ermənistanla Azərbaycan arasında sülh axtarışı vasitəçilərdən birinin işə tərs yanaşması səbəbindən yenidən düyünə düşüb. Bəyanatlar, açıqlamalar, münasibətlər bunu deməyə əsas verir. 30 illik münaqişə bitmək üzrədir. 44 günlük ikinci Qarabağ müharibəsi daşları yenidən dizayn etdi. Əgər müharibəyə qədər Ermənistan və onun havadarları, münaqişə üzərindən bölgəni nəzarətdə saxlayan güclər Azərbaycanı görməzdən gəlir, bizimlə hesablaşmaq, ən azından BMT TŞ-nin 4 qətnaməsini həyata keçirmək istəmirdilərsə, bu gün vəziyyət tam olaraq dəyişib. Müharibənin nəticələri Azərbaycanı diqtə edən tərəfə çevirib.

Bu gün həm də diqqət masa(lar)ya yönəlib. Şərti Ermənistan-Azərbaycan sərhədində ara-sıra təxribatlar törədilsə də Vaşinqton, Brüssel və Moskva platformaları sülh müqaviləsinin imzalanması üçün təşəbbüslər göstərirmiş kimi davranırlar. Əslində hər üç platform mahiyyət etibarilə ATƏT-in keçmiş Minsk qrupuna çox bənzəyir. Kosmetik dəyişiklik aparmaqla münaqişəni yeni şərtlərlə həll etməyə çalışan “üçlük” bu dəfə Azərbaycanın güc faktorunu nəzərə almaq zorundadır. Həm müharibədə qazanılam qələbə, həm beynəlxalq norma və prinsiplər, həm də Azərbaycanın haqlı tərəf olması ölkəmizə danışıqlarda kifayət qədər üstünlük qazandırır. Bunu danışıqlarda vasitəçilik edən platform təşkilatçıları bilməmiş deyil. Hər üç vasitəçi sülhün olacağını istisna etmir, amma imza atılan məkanın kimə məxsus olduğu Moskva, Brüssel və Vaşinqton üçün çox vacibdir.

Müharibənin başlandığı gündən indiyədək regionda bu və ya digər şəkildə təmsil olunan Rusiya 2020-ci il müharibəsindən sonra da təşəbbüsü ələ almaq istədi. Bunun üçün sülhməramlı adı altında, 1960 nəfərlik hərbi kontingentlə Qarabağa yerləşdi. Moskva bu addımı ilə üstün mövqeyə çıxdığını düşünürdü. Üçtərəfli noyabr Bəyanatından cəmi iki ay sonra, 2021-ci ilin yanvar ayında Moskvada Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin görüşünü təşkil etməkdə də Rusiyanın bir məqsədi var idi. Amma zaman keçdikcə təşəbbüs Qərbin, yəni Brüssel və Vaşinqtonun tərəfinə keçdi. Maraqlıdır ki, həm Vaşinqton, həm də Brüssel görüşləri xüsusi ssenari üzrə keçirilir. Moskvadan fərqli olaraq əgər Brüssel platforması detalların müzakirəsi ilə məşğul olursa, Vaşinqtonda daha dərin və incəliklərinə qədər araşdırma aparılır. Məsələn, con Moskva görü 20 dəqiqə çəkmişdi, Brüsseldə müzakirələrə bundan 10-20 dəfə artıq zaman xərclənmişdi, Vaşinqtonda isə danışıqlara 3-5 gün ayrılmışdı. Yəqin ki, fərqinə vardınız? Sanki Moskvada müzakirə olunacaq bir mövzu yoxdur, sanki 30 illik erməni işğalı olmayıb, sanki Rusiya regionda təzədir və nəhayət Rusiyanın deyəcəyi, müzakirə edəcəyi heç nə yoxdur.

Rusiya danışıqların və nəticənin onun təyin etdiyi çərçivədən kənarda baş tutmasını qəbul edə bilmir. Əgər Vaşinqton və ya Brüssel sülh müqaviləsinin imzalanmasını təşkil edə bilsələr, bu, Moskva üçün hər şeyin itirildiyi və bitdiyi anlamına gələ bilər. Ona görə də Qərbin istənilən təşəbbüsünün əlehinə çıxış edir. Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də Qarabağdakı vəziyyətlə bağlı yaydığı bəyanatı da buna əsaslanır. Bu, Rusiyanın maskasının yırtıldığı deməkdir.

Düzdür, Azərbaycan XİN Rusiyanın bəyanatına tutarlı cavab verib. Diplomatik gərginlik özünü sərhəddə eskalasiyanın artmasında və separatçıların aktivləşməsində də özünü göstərir. Azərbaycan isə xüsusilə Rusiya ilə münasibətlərə hər zaman həssas yanaşıb. Münasibətlərin gərginləşməsində maraqlı olmadığını büruzə verib, savaşa yox, barışa üstünlük verib. İnsafla desək Putin hakimiyyəti ilə ümumi dil tapmağı da bacarmışıq. Amma Rusiyanın diplomatic korpusunda və hərbi strukturlarındakı bəzi qüvvələr bundan narahat olduqlarını hər addımda ortaya qoyublar. Brüssel görüşündən sonra ilk etirazların Rusiya XİN-dən gəlməsi və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçıların aktivləşməsi deyilənlərə əyani sübutdur. Rusiya XİN-in bəyanatının yayılması təsadüf deyil və bu, Brüssel görüşünə Moskvanın cavabıdır.

İndi isə gəlin, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya diqqət edək: “2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa Birliyinin himayəsi ilə keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il sazişinin imzalandığı 9 (10) noyabr bəyanatı fundamental şərtləri, eləcə də bölgədə yerləşən Rusiya sülhməramlı qoşunlarının vəziyyətini kökündən dəyişdi. Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır.

Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları olmalıdır, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün bəndləri, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi yerinə yetirilməlidir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Rusiya tərəfi beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın normal həyatının bərpasına yönəlmiş səylərinə fəal töhfə verməyə hazır olduğunu bir daha təsdiq edir. Biz yaxın vaxtlarda Moskvada yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək, ardınca sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq.
Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenaridə inkişaf etməsi narahatlıq doğurur. Ərazidə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bunun ən dramatik nəticələri Qarabağ erməniləri, bölgə sakinləri üçün ola bilər.

Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan XİN bu bəyanatı qəbuledilməz adlandırıb.

Aİ Ermənistan-Azərbaycan dialoqunu intensivləşdirir

Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü separatçıların Xankəndidə “Laçın dəhlizinin blokadasına son qoyulması tələbi ilə” keçirilən mitinqi fonunda baş tutub. İlham Əliyevlə Nikol Paşinyan arasında Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə növbəti üç saatlıq görüş əvvəlkilərdən daha mənalı görünür. Hər halda, Şarl Mişel özü belə düşünür. Onun sözlərinə görə, iki ölkənin liderləri “digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini” bir daha təsdiqləyiblər, bu da İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması deməkdir. Bunu nəzərə alaraq, gələcəkdə sərhədlərin delimitasiyası prosesinə başlamalı olan komissiyaların statusu ilə bağlı müzakirələr davam etdirilir.

Tərəflər Bakı, İrəvan və Moskvanın uzun müddətdir ki, baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiya formatında müzakirə etdiyi məsələ - regionda nəqliyyat marşrutları ilə bağlı bəzi şərtləri müzakirə ediblər. Qərb indiyədək bununla bağlı rəsmi səviyyədə heç bir ciddi şərh verməyib. İndi belə görünür ki, Aİ dəmir yolu xətlərinin tezliklə bərpası üçün maliyyə yardımı göstərməyə hazırdır. Şarl Mişel brifinqdə dediyi kimi, bəzi təfərrüatlar dəqiqləşdirmə tələb edir. Əlavə edib ki, bu mövzuda mövqelər yaxınlaşır və variantlar fəal şəkildə işlənir.

Hələ sammit başlamamışdan əvvəl Nikol Paşinyan Qarabağdakı separatçı qurumun rəhbəri Arayik Arutyunyanın məktubunu Şarl Mişələ təqdim edib və bu məktubu “Azərbaycanın yeddi aydan artıqdır ki, bağladığı Laçın dəhlizinin qarşısının alınması üçün bütün səyləri göstərmək” xahişi ilə müraciət edib. 2020-ci ilin noyabrında imzalanmış sənədə əsasən, yolun düzgün işləməsi üçün məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə götürdüyünü hər kəs bilir. Şarlz Mişel əmin edir ki, Bakı “Ağdam vasitəsilə humanitar yardımın çatdırılmasını təmin etməyə” hazırdır, yəni Ermənistandan deyil, Azərbaycanın özü vasitəsilə lazımi vəsaitlərin çatdırılması mümkün olacaq.

Erməni politoloq Armen Xanbabyan isə adəti üzrə absurd, heç bir məntiqə sığmayan açıqlama verib və qeyd edib ki, guya Azərbaycan Prezidentinin belə bir təklifi Laçın dəhlizinin blokadası nəticəsində Qarabağda humanitar böhranın mövcudluğunu tanıması deməkdir: “Bu təklif reallaşarsa, kimin Qarabağa yük daşıyacağını anlamaq da vacibdir - Rusiya sülhməramlıları, yoxsa Azərbaycan tərəfi. Tam aydındır ki, “humanitar karvanı” Azərbaycana girsə, oradan çıxmayacaq”.

Avropa İttifaqı Bakı ilə Qarabağdakı ermənilər arasında birbaşa dialoqun tərəfdarıdır ki, bu da münaqişə tərəfləri arasında “etimadın artmasına” xidmət etməlidir. Rusiya XİN-in bəyanatı isə bu mühitin üstündən xətt çəkməyə hesablanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında xüsusilə qeyd olunur ki, Moskvanın mövqeyi Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə və Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışlarına uyğun gəlmir. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini 30 ilə yaxındır ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına başqa rəng verməsi qəbuledilməzdir.

Həmçinin, Bakı hesab edir ki, Ermənistan Rusiya sülhməramlılarının dəstəyi ilə öz silahlı birləşmələrini Qarabağda saxlamaqda davam edir. İrəvan isə deyilənləri yalnız inkar etməklə özünü təmizə çıxarmağa çalışır. Halbuki, bir müddət öncə Ağdam rayonu ərazisində baş vermiş erməni təxribatı nəticəsində 5 erməni silahlısının öldürülməsi bütün sirlərin üstünü açdı, eyni zamanda erməni yalanlarını ifşa etdi.

Qərb sülh prosesinə nəzarəti ələ keçirməyə çalışır və bu, Moskvanı getdikcə daha çox narahat edir. Şarl Mişel yay tətilindən sonra Brüsseldə daha bir çoxtərəfli görüşün mümkünlüyünü artıq elan edib. Orada Fransa və Almaniya liderlərinin də iştirak edəcəyi gözlənilir. Beləliklə, Aİ sülh prosesində “ən əhatəli və güclü mərhələnin” eyni intensivliklə davam edəcəyini gözləyir. Moskvada sammitin keçirilə biləcəyi barədə hələlik məlumat yoxdur.

Sülhdə əsas odur ki, mübahisə etməmək

İrəvanla Bakı arasındakı münaqişədə əsas sülhməramlı olmaq hüququ uğrunda rəqabət getdikcə kəskinləşir. Rusiya və Qərb bir-birinin səylərinə qısqanclıqla yanaşır. İyulun 15-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında aparılan danışıqlar da istisna olmayıb. Onlar Brüsseldə irəliləyişdən danışarkən, Moskva iki respublikanın xarici işlər nazirlərini danışmağa dəvət edir, sülh müqaviləsinin yalnız Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə oluna biləcəyini təkid edir.

Ermənistan və Azərbaycan nümayəndələri 2023-cü ilin sonuna qədər sülh müqaviləsi bağlamaq imkanını dəfələrlə etiraf ediblər. Tərəflər vasitəçi qıtlığı yaşamırlar. Avropa İttifaqı, ABŞ və Rusiya nizamlanmaya kömək etməyə, hətta daha yaxşısı, tarixi sənədlərin imzalanmasının birbaşa iştirakçılarına çevrilməyə hazırdır. Moskva və Qərb vahid cəbhə kimi çıxış edə bilməz. Buna görə də, ilin sonuna yaxınlaşdıqca, daha çox rəqabət aparan vasitəçilər həlledici töhfə verməyə tələsirlər.

İyulun 15-də Brüsseldə Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə “siyasi təkan” qeydə alınıb. Tərəflər nəinki Ermənistan ərazisinin 29,9 min kvadrat kilometr olduğunu (yəni Qarabağsız), eyni zamanda Azərbaycan ərazisininə 86,6 min kvadrat kilometr (Qarabağla birgə) olduğunu yenidən qeyd ediblər. Nəqliyyat kommunikasiyalarının açılmasında da irəliləyiş əldə edilib. Ş.Mişel Laçın yoluna da toxunub. Bildirilib ki, Azərbaycan Qarabağ üzərində suverenlik məntiqinə uyğun olaraq keçid məntəqəsi qurub, buna görə də İrəvan 200 gündən artıqdır ki, Bakını qanuni haqqına girməyə, Ermənistanda Qarabağa gediş-gəlişin əvvəlkitək davamlı olmasını istəyir. Amma Bakının da arqumentləri tutarlıdır. Qanunsuz yükləri öz ərazilərinə buraxmamaq Azərbaycanıən haqqıdır.

Brüssel danışıqları əslində iki həftə yarım əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun dialoq apardığı Vaşinqtonun səylərinin davamı oldu. Daha sonra ABŞ dövlət katibi Entoni Blinken gələcək sülh müqaviləsinin bəzi maddələri üzrə razılaşmanı elan etdi. O, həmçinin Paşinyanla Əliyev arasında Brüsseldə görüş keçiriləcəyini elan edərək, onları “yaxın həftələr və aylarda yekun razılığa” nail olmaq istəyinə inandırıb. Moskvada isə Qərbin İrəvanla Bakını barışdırmaq cəhdlərinə həmişə skeptisizmlə yanaşılıb. Belə ki, mayın əvvəlində Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiyadan başqa heç kim respublikalara münasibətlərin tənzimlənməsinə kömək etməyəcək. Onun sözlərinə görə, proses 2020-ci ilin noyabrında Dağlıq Qarabağda döyüşləri dayandıran Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin Üçtərəfli Bəyanatı əsasında qurulmalıdır.

Prezident Vladimir Putinin 2020-ci ilin dekabrında verdiyi bəyanatda bölgəni açıq-aydın “Azərbaycan Respublikasının ayrılmaz hissəsi” adlandırıb. Ermənistandakılar nəhayət başa düşməlidirlər ki, İrəvanın bu reallığı tanıyıbsa və Moskva da bunu belə qəbul edirsə müqavimətə, etiraza heç bir lüzum yoxdur. İki respublikanın xarici işlər nazirlərinin Rusiya paytaxtına nə vaxt səfər edəcəyi bəlli olmasa da Paşinyanla Əliyevi payızda yenidən Brüsselə səfərə dəvət edilmələri dəqiqdir.

V.VƏLİYEV

Digər xəbərlər