“İsrail və Azərbaycan arasında hərbi əməkdaşlıq daha çox Prezident İlham Əliyevin hakimiyyəti dövründə qurulub. Çünki Ümummili Liderin hakimiyyətdə olduğu zamanda münasibətlər normallaşsa da, Azərbaycanın maliyyə imkanları o qədər də böyük olmadığından İsrail ilə hərbi əməkdaşlıq sahəsində ancaq danışıqlar apara bilirdik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Prezident hakimiyyətə gəldikdən sonra isə Azərbaycanın iqtisadi durumu yaxşılaşmağa başladı: “Xüsusilə son 15 ildə Azərbaycan-İsrail münasibətlərində hərbi əməkdaşlıq sahəsində inkişaf oldu. Son 10 ildə isə bu münasibətlər çox yüksək səviyyəyə qalxdı.İsrail kiçik bir dövlətdir və əhatəsində Ərəb dövlətləri olmasına baxmayaraq, öz müdafiəsini intellekti hesabına təşkil edən dövlətdir. Bəlkə də dünyada ikinci belə bir dövlət yoxdur. Çünki digər dövlətlər daha çox sənayeyə meyil edirlər. Amma İsrail yarandığı 75 ildə hər zaman müdafiə qabiliyyətini artırmaqla məşğul olub. Hazırda İsrail dünyada müdafiə təhlükəsizliyinin 90 faizindən çoxunu təşkil edə bilən dövlətlərdən biridir. Bu baxımdan da Azərbaycanın da İsrail ilə hərbi əməkdaşlığı mövcuddur. Bunun sayəsində müdafiə sistemləri, müxtəlif silahlar alınır. Buna görə də iki ölkə arasındakı əlaqələr olduqca vacibdir. İsrail bizə dost, qardaş dövlətdir”.