“Brüssel görüşü hər zaman olduğu kimi yenidən öz effektivliyi ilə seçilir və regional sülhün qorunması baxımından da aktualdır. Cənab Prezident 2021-ci ilin dekabr ayından bəri bu görüşlərdə iştirak edir. Artıq 6-cı raund danışıqlar başa çatdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat üçün keçirilən brifinqində bir sıra məsələlər təkrarçılıq xarakteri daşıyırdı: “Lakin yeniliklər də var idi. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə bağlı məsələlərin də müzakirə edilməsi Azərbaycan üçün üstünlükdür. Əgər Ermənistanla sülh müqaviləsi imzalayacağıqsa, tarixi torpaqlarımıza qayıdışı istəyirik və dinc, layiqli qayıdış prosesi həyata keçirilməlidir.Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin qaçaqmalçılıq cəhdinin qarşısının alınmasından sonra məhz Azərbaycan tərəfindən alternativ marşrut təqdim olundu. Bu marşrut Bərdə, Ağdam, Xankəndi yolunu əhatə edir və bu yol ilə avtomobillərin hərəkəti zamanı təhlükəsizliyin təmin olunması ilə yanaşı, həm də Azərbaycanın siyasi iradəsi qəbul olunacaq. Ümumilikdə sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması, əsrlərin dəyişdirilməsi və digər məsələlərə dair çox mühüm detallar müəyyən olundu”.