PDF Oxu

Siyasət

  • 2 994

Böyük Qayıdış: Laçında yeni həyat TƏHLİL

Böyük Qayıdış: Laçında yeni həyat TƏHLİL

Zəfər qazanan Azərbaycan Qarabağımızda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndin müasir məkana çevriləcəyindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idisə, artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə də yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın… İlk olaraq 20 ailə Laçına yerləşdirildi. Əzəli sakinlərin Laçınla, doğma yurdla görüşü böyük qürura səbəb oldu. Kimi qəhərləndi, kimisi də sevincdən göz yaşı tökdü. Tələsik yurd yerlərin tərk edənlərin burada olan xatirələri çözələndi. Dost, qohum-qardaş itkisi xatirələri oyatdı. Uşaqlıq xatirələri bu torpaqda idi. İtirdikləri və bu gün qovuşduqları məkan. Əlbəttə ki, bu gün Zəfər qazanmış xalq olaraq bu torpağa ayaq basır. Erməniyə dərs verən və ona kimliyini göstərən Qalib Xalq kimi. Bu Qələbə əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız".

LAÇIN ŞƏHƏRİNDƏ 93 AİLƏNİN MƏSKUNLAŞMASI TƏMİN EDİLİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. İyunun 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salındı. Daha 22 ailə - 72 nəfər doğma yurda dönüşün sevincini yaşadı. Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilmişdi. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Laçına yola salındı. Köç karvanında 23 ailə olmaqla 85 nəfər Laçına çatıb. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARI ƏRAZİSİNDƏ İCRA OLUNAN LAYİHƏLƏR

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

ŞÜKÜRBƏYLİ KƏNDİNDƏ 1042 AİLƏ MƏSKUNLAŞACAQ

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlinin qoyulması da bu ərazilərdə tezliklə yeni həyatın başlanacağından xəbər verir. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin dövlət başçısı tərəfindən qoyulması o deməkdir ki, işğaldan azad olunan hər bir ərazimizdə əzəli sakinlər tezliklə azad və rahat bir şəraitdə yaşamağa başlayacaqlar. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək. Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, "Karvansaray" hotel və icma evi də yaradılacaq.

AZƏRBAYCAN İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜNDƏ

Qeyd edək ki, dövlət başçısının Cəbrayıl rayonuna səfəri çərçivəsində bu ərazidə Horovlu kəndinin təməlini qoyması ona əsaslanır ki, bütün işğaldan azad olunan ərazilərimizdə görülən işlər paralel olaraq aparılır. Layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.
Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimini də qeyd etməliyik. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək. Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək. Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər