“İyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü bir daha sübut etdi ki, dövlətimizin suveren hüquqları qorunmalıdır. Eyni zamanda, Azərbaycan onun daxili işlərinə qarışmasına heç kəsə imkan verməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan yalnız Azərbaycanla normal qonşuluq münasibətləri imkanlarında yaşaya bilər: “Müzakirə edilən məsələlərin təsnifatı göstərdi ki, ortada ancaq ikitərəfli müasibətlərin beynəlxalq hüquq normalarına uyğun olaraq qurulması məsələsi var. İlk dəfə olaraq görüşdə Qərbi Azərbaycandan olan həmvətənlərimizin öz torpaqlarına qayıtması məsələsi də müzakirə mövzusu oldu”.Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması bugünkü gündə yalnız iki ölkənin deyil, bütün dünyanın marağındadır: “Heç də təsadüfi deyil ki, Brüsseldə artıq 6-cı dəfədir, ABŞ-da isə dövlət katibinin iştirakı ilə hər iki ölkənin XİN rəhbərlərinin dəfələrlə görüşü keçirilib. Eyni zamanda, Rusiyada üçtərəfli sammitin baş tutması təklif edilir. Azərbaycan üçün təklifin hansı ünvandan gəlməsinin və təşkilatçının kim olduğunun önəmi yoxdur. Əsas odur ki, Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşılsın və post-konflikt dövrü artıq sivil münasibətlər səpkisinə keçsin”.
Ləman Sərraf