“Ermənistan hərbi birləşmələri yenə də təxribatla məşğuldur. Hesab edirəm ki, bu təxribatlar daha da sürətlənəcək. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər ərəfəsində qanunsuz erməni hərbi birləşmələri təxribat edərək yeni müharibənin başlanmasına və atəşkəsin pozulmasına cəhdlər edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, təbii ki, Azərbaycan Ordusu bunları layiqincə cavablandırır: “Araşdırsaq görərik ki, bu təxribatların əsasında Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getməsini və regionda sabitliyin bərqərar olmasını istəməyən qüvvələr dayanır. Lakin Şarl Mişel də son görüşdən sonra mətbuat konfransında qeyd etdi ki, hər iki tərəf sülh müqaviləsinin imzalanmasına razıdır. Amma müqavilənin imzalanması üçün təxribatların olmaması lazımdır. Əlbəttə ki, Ermənistan tərəfi bu təxribatçı əməllərə əl atır. Çünki Azərbaycan Ordusu öz ərazilərindədir. Bizim torpaqlarımızda yerləşən qeyri-qanuni hərbi birləşmələr atəşkəsi pozurlar”.Politoloq sözlərinə davam edərək bildirib ki, burada iki məqam var: “Ya erməni hərbi birləşmələri xaricdən idarə olunur və onlar Paşinyanı saymayaraq bu cür addımlar atırlar, ya da Paşinyan tərəfindən həmin hərbi hissələr təxribat törətmək üçün təlimatlandırılır.Düşünürəm ki, yaxın günlərdə Ermənistan silahlı qüvvələri təxribata daha da meyilli olacaq. Çünki bu günlərdə Brüsseldə üçtərəfli görüş keçirildi. Görüş qənaətbəxş olsa da, bundan narahat olan qüvvələr maneçilik yaratmağa çalışacaq. Ona görə də Azərbaycan hərbçiləri hər bir təxribata hazır olmalı və düşmənə layiqli cavab verməlidir”.
Ləman Sərraf