Bütün keçmiş köçkünlər tezliklə dədə-baba torpaqlarına, əzəli ocaqlarına qayıdacaqlar. Zamanla bərpa olunacaq yerlərimizdə ocaqlarını yandırıb, öz həyatlarını davam etdirəcəklər. O yerlər öz sakinlərini illər idi ki, intizarla gözləyirdi. Böyük Qayıdışın ilk səsi Ağalıdan eşidildi. Ağalı kənd sakinlərinin ilk qrupu bir il əvvəl 19 iyul 2022-ci ildə Şərqi Zəngəzurun Zəngilan rayonuna köçürüldü. Prezident İlham Əliyev: "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyə bildirmişdir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Cənab Prezidentin bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik etdik. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etdi. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq yeni həyatına qovuşdu. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu.
SAKİNLƏR PEŞƏ İXTİSASLARINA VƏ BACARIQLARINA UYĞUN İŞLƏ TƏMİN EDİLİBLƏR
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Birinci mərhələdə 41 ailə köçürüldü. İllərlə həsrətdə qalan insanlar öz torpaqlarında ocaqlarının işığını yandırdılar. Kimisi, dünyadan həsrətlə köç etdi, kimisi də bu torpaqda ayaq açmasa belə gələcək həatının bu məkanla davam etdirməyə başladı. Ağalını görməyənlərin xəyalında qurduqları ərazi bu gün onları dərin köklərlə bu diyara sıx bağlayıb. Şəhid qanı axıdılan torpaqlarımız bu gün bizim üçün müqəddəsdir. O yerlərə laqeyd qalmaq qeyri-mümkündür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçildi və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alındı. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparıldı. Bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər.
Ağalıya köçürülən ilk sakinlər arasında müxtəlif yaş həddində olan insanların olması istisna deyil. Təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalı kəndində "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərəcək ki, bu da əhalinin işlə təminatında mühüm rola malikdir. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
"Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi də həyata keçirilmiş layihələr sırasındadır. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır.
BÖYÜK QAYIDIŞ DAVAM EDİR
44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb. Həmin ərazilərimizdə ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Zəngilan rayonun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər vermiş oldu.
İlk köç Ağalıdan başlasa da, Talış, Laçına da qayıdış oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu günlərdə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salındı. Bununla da, Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür.
Zümrüd BAYRAMOVA