"Azərbaycan müstəqil dövlət kimi 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Hər bir dövlətin inkişafı üçün kadr siyasəti mühüm rol oynayır. Bu gün dünya kadr siyasətində iki cəhətə xüsusi fikir verir. Birincisi texnokratların hakimiyyətə gəlməsi, ikincisi isə gənclərin dövlət idarəçiliyinə.cəlb olunmasıdır. Xoşbəxtlikdən Azərbaycan da bu yol ilə gedir. Yəni, Azərbaycanın dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan kadr siyasəti uğurla davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Onun sözlərinə görə, dövlətin idarəsində gənclərin irəli çəkilməsi əslində ölkənin inkişafı üçün yeni üfüqlər açır: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də siyasi hakimiyyətə gələrkən gənc idi. Amma kifayət qədər təcrübəsi var idi. Bu gün də dövlət başçısı tərəfindən kadr siyasətində qeyd etdiyim cəhətə xüsusi münasibət bildirilir. Bugünkü gündə Azərbaycanın həm iqtisadiyyatında, həm siyasi və hərbi həyatında səriştəsi olan dövlətə sədaqəti olan, əxlaqlı insanlara xüsusi önəm verilir. Bu da təsadüfi deyil ki, artıq bu təcrübə özünü əyani şəkildə göstərir. Dünyanın harasında olursa-olsun, hər bir hərəkatın başında gənclik durur. Gənclik hər şeyə qadirdir. Amma eyni zamanda, gəncliyi idarə edən qüvvələr təcrübə baxımından öndə gedirsə, uğurlar daha çox olur. Azərbaycanda da həm kadr siyasətində gənclərə önəm verilir, həm də onların idarəçiliyində təcrübəli insanlara üstünlük verilir".Deputat sözlərinə davam edərək bildirib ki, gənclər nəzəri biliklərini praktiki sahədə həyata keçirmək üçün təbii ki, onlara yol göstərən olmalıdır: "Bu cəhətdən Azərbaycanın digər ölkələrdən önəmli bir cəhəti də var. Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır. Bu partiyanın gənclərdən ibarət təşkilatları var. Azərbaycan gənclərinin əksəriyyəti idarəçilik təcrübəsini orada əldə edirlər. Hakim iqtidar partiyası gənclərə hər cür dəstək göstərir. Azərbaycan Prezidenti 2018-ci ildən sonra kadr siyasətini o dərəcədə ali vəzifəyə çevirib ki, ölkədə olan irəliləyişi hamı görür. Ona görə də düşünürəm ki, ölkə başçısının apardığı kadr siyasəti uğurla davam edəcək".
Ləman Sərraf