Yaxud Stivensonun yerinə düşən kəlamı
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qarşısında diz çökən işğalçı Ermənistan rəhbərliyi sonrakı müddət ərzində və dəfələrlə müxtəlif danışıqlar meydançalarında üçtərəfli görüşlərə qatılmaqla sülh sazişinin imzalanması yönündə müzakirələr aparıb, eləcə də rəsmi Bakının irəli sürdüyü təklifləri – xüsusilə, məlum 5 təklifin qəbul edildiyi bildirilib.
Ancaq bütün bunlara rəğmən, vədləri ilə əməlləri növbəti dəfə üst-üstə düşməyən rəsmi İrəvan sülhün yaranması prosesinə əngəllər yaratmaqda davam edir, üstəlik, uduzan, kapitulyasiyaya uğrayan tərəf olmasına baxmayaraq, sözün əsl mənasında, siyasi həyasızlıqlarını sərgiləyir, həmçinin, təkliflərə öz qəbuledilməz maraqlarını tətbiq etməyə cəhdlər göstərir.
Ərazi iddiaları davam edir...
Təbii ki, Bakı bütün bunlara səbir, təmkin nümayiş etdirsə də, bunun da bir həddinin, sonunun olduğunu gizlətmir və belə davam edəcəyi halda “Dəmir yumruq” və "Qusas" tandemlərinin yenidən və bu dəfə daha sərt şəkildə işə düşməsi ehtimalı günü-gündən artmağa başlayır. Belə ki, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini yalnız Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə - Qarabağda deyil, habelə işğal altında qalmaqda davam edən anklavlarımıza “sahib çıxmaq” məqsədlərini realizə etməyə çalışır.
Misal üçün, bu günün özündə belə, Ermənistan danışıqlar zamanı hər vəchlə inandırmağa çalışır ki, sən demə, Azərbaycanın Qazax rayonunun 7 kəndi, eləcə də Naxçıvan MR-nın Sədərək rayonunun Kərki kəndi, habelə Arazdəyən bunlarda qalmalıymış və s. (?!)
İrəvan, Qərbi Zəngəzur, Göyçə və s. tarixi ərazilərimiz artıq iddia kimi qaldırıla və Ermənistana qarşı rəsmi şəkildə tələb qoyula bilər
Təbii ki, belə bir mühitdə suallar yaranır: məgər bu ərazilər işğala qədər Azərbaycanın tərkibində deyildimi? Özü də öz tarixi torpaqlarından vəhşicəsinə qovulan, terrorlara məruz qalan 100%-lik azərbaycanlı əhalisi ilə birgə!
Yaxud, digər yanaşma edərək daha bir sualla çıxış edək: məgər Azərbaycan danışıqlar müddətində sovetlər ittifaqına daxil edilərkən ondan qoparılaraq Ermənistana verilmiş tarixi torpaqlarımız haqqında iddialar irəli sürübmü? Hələlik, bu haqda danışılmır, amma belə davam etsə, hadisələr də məhz həmin istiqamətdə inkişaf edəcək. İrəvan, Qərbi Zəngəzur, Göyçə və s. tarixi ərazilərimiz artıq iddia kimi qaldırıla və Ermənistana qarşı rəsmi şəkildə tələb qoyula bilər. Əslində, qaldırılır da. Hələlik, bəyanatlar vasitəsilə...
Bu isə Azərbaycan xalqının, dövlətinin tam maraqlarına cavab verən faktordur!
İrəvan anlamalıdır ki...
Beləliklə, bu gün Ermənistan rəhbərliyinə yaxınlıqları ilə seçilən erməni siyasi ekspert dairələrinin əsas hədəflərindən biri də anklavlar məsələsidir. Onlar sual edirlər ki, nəyə görə anklav məsələləri görüşlər zamanı müzakirə edilmir? Ancaq fakt budur ki, Azərbaycan rəsmi səviyyədə daha əvvəllər bu məsələlər haqqında müzakirə açmayıb. Ancaq buna rəğmən, İrəvan anlamalıdır ki, danışıqlar masasına oturarkən, sülh müzakirələri aparılarkən sonrakı müddətə heç nə saxlanılmır! Və əgər dünən Kərki kəndi, ya da Qazaxın 7 kəndi haqqında heç nə deyilməyibsə, bu, o demək deyil ki, həmin ərazilərimiz haqqında unudulub.
Proses Ermənistan tərəfindən qəsdən uzadılır
Artıq sərhədlərin demarkasiyası və delimitasiyası üçün vaxt çoxdan yetişib və xatırlatmaq yerinə düşərdi ki, elə Nikol Paşinyan da çıxışlarının birində bu məsələlərin sərhədlərin müəyyən edilməsi zamanı həll ediləcəyini bəyan etmişdi. Lakin onun bəyanatları ilə əməllərin üst-üstə düşməməsi göz önündədir. Proses Ermənistan tərəfindən qəsdən uzadılır.
Yeri gəlmişkən, məhv edilmiş orduları, ağır və iqtisadi böhranları yaşamalarına baxmayaraq, hakimiyyətə yaxın olan, ya da olmayan erməni siyasi ekspertləri ara-sıra ağılsız qoçun dirəyə buynuz atmasına bənzər fikirləri ilə də yadda qalırlar. Məsələn, Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə təmin, bərpa etməsi üçün başlatdığı prosesə davam edəcəyi halda, onlar “düşmən güclü müqavimətlə qarşılaşacaq və geriyə atılacaq” tipli psevdopatriotçu, yekəxana bəyanatlar səsləndirirlər. Həmin bəyanatları ki, 44 günlük Vətən müharibəsindən əvvəl də səsləndirirdilər, amma sonradan necə deyərlər, əngləri əzildi, çənələri isə azad edilmiş torpaqlarımıza sürtüldü.
Bəli, bu gün Azərbaycan səbir, təmkin nümayiş etdirir, danışıqlar masasında oturmaqla mövcud problemləri sülh yolu ilə həllinə səsləyir. Ermənistanda isə yenidən militarist notlar üzərindən anlaşılmaz səs-sədalar gəlməyə başlayır. Belə bir yerdə tanınmış Britaniya yazıçısı Stivensonun kəlamı yada düşür: “Kim ki, şüşəli evdə yaşayırsa, başqalarına tərəf daş atmamalıdır”.
Afət Tahirqızı