Siyasət

  • 1 488

Tərəqqi yolunun başlanğıcı TƏDBİR

image

“Heydər Əliyev İli” çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında YAP Yasamal rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü il dönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, Milli Məclisin deputatları Anar İsgəndərov, Sadiq Qurbanov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Yasamal rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gəncləri iştirak edib.

Əvvəlcə AMEA Mərkəzi Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsindən öncə AMEA Mərkəzi Elmi Kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab sərgisinə baxış keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib. Qeyd olunub ki, bu gün ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davamlı olaraq inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, qələbələrə imza atıb. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük qısa bir dövr ərzində Azərbaycan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini azad edib, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli qeyd edib ki,1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüçdür. Əlavə olub ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu ulu öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.Prezident cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.

Milli Məclisinin deputatı Sadiq Qurbanov çıxış edərək bildirib ki, ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü respublikamızın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizin şanlı səhifəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycan ötən əsrin 70-80-ci illərində böyük tərəqqiyə nail olub, keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ən qabaqcıl sənaye ölkəsinə çevrilib, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bildirilib ki, xalqımız dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini daim uca tutaraq minnətdarlıqla anır və Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, tarixi nailiyyətlərə, qələbələrə imza atır.

Çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov qeyd edib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri vardır. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Bu tarix həm də Azərbaycanın yad ünsürlər içərisində assimilyasiyasının xilası, xalqın özünəqayıdışının başlanğıcıdır. 1969-cu ildən bu günədək yarım əsrdən çox vaxt keçir. Azərbaycanın dövlətçilik tarixində qazanılmış ən böyük uğurların başlanğıcı məhz o dövrdə olub. Bu isə o deməkdir ki, Azərbaycanın bir dövlət kimi mövcudiyyəti, inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Bu güc ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizi daha da inkişaf etdirməyə, dünyada böyük nüfuz qazanmasına imkan vermişdir. Hərbi və iqtisadi baxımdan Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan torpaqlarımızın azad olunması üçün illərdir, beynəlxalq qurumların həll edə bilmədiyi problemi təkbaşına həll edərək öz gücünü bir daha bütün dünyaya sübut etdi.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə milli adət ənənələrimizin, mədəniyyətimizin, təhsilimizin, elmimizin, dilimizin, ideologiyamızın, ümumilikdə bütün sahələrin inkişaf etdirilməsində mühüm rolu olmuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik, çünki Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Ali Baş Komandanın rəhbərliyi ilə olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər