Prezident İlham Əliyev: "Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq"
Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğrula davam etdirilir. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçısı, mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli-mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.
Artıq ölkəmizdə məhərrəm ayı başlayıb. İyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq. Qeyd edək ki, hər il Məhərrəm ayında, "Aşura" günündə qanvermə aksiyaları keçirilir. Əzadarlıq ayinləri isə qadağan edilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaradıblar. Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnək kimi dəyərləndirilir.
İmam Hüseyn əleyhissalamın müqəddəs xatirəsinin və Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq, ailə naminə şəhidlik məktəbinin əbədi təcəssümüdür.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçiriləcəkdir. Allah yanında imanın, mənəviyyatın yüksək məqamlarından biri – ailə, torpaq və Vətən uğrunda şəhidlikdir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur.
MƏDSƏD VƏTƏNDAŞLARIN RAHAT İBADƏT ETMƏSİDİR
Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərlə dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilib. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.
Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisi oldu. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdisə. indi daha müasir və geniş məscid kompleksində eyni zamanda, 1800 nəfərin ibadət etməsinə şərait yaradılıb. Əminliklə deyə bilərik ki, dini abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.
Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.
Ziddiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".
Nəzakət ƏLƏDDİNQIZI