Vəssalam. Vəssalam ona görə ki, ermənilərə status arzulayan bunlardan başqa kimsə deyil. Bir Fransa, bir Ermənistan, bir də Tofiq Yaqublu. Fransanı başa düşürük. Fransa illərdir Ermənistanın təəssübkeşi idi, ötən illərdən bəri isə əməlli-başlı bacılığı olub. Fransanın başına Azərbaycan boyda daş harada, nə zaman, necə düşüb, deyə bilmərəm, lakin fakt budur ki, düşüb. Odur ki, Azərbaycan həqiqətlərini, ədalətin kimin tərəfində olduğunu görən gözləri illərdir, kor olub.
Deyir, fransız bacıların erməni bacılardan yaman xoşu gəlir. Elə bu səbəbdən də söz veriblər ki, qatığa ölənədək qara deyib duracaqlar. Məsələn, qondarma erməni soyqırımını qəbul etdikləri kimi... Fransa Senatı və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələri, bu qətnamələrin beynəlxalq hüququn və BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğu, beynəlxalq hüququ ağır şəkildə pozduğu kimi... Olsun, nə deyirik ki?.. Bir Fransanın qatığa qara deməsi ilə dünyanın bəyaz gördüyü nemət qara olmayacaq ki... Hə, bir də Zəfərimizdən sonra Fransa Qarabağda və Şərqi Zəngəzurda yaşayan ermənilərə status arzulayır. O status ki, dövlətimizin başçısı illərin problemi olan həmin statusu dəmir yumruqla darmadağın edib və cəhənnəmə göndərib.
Deməli, ermənilərə görə bilməyəcəkləri statusu bir Fransa tələb edir, bir sözsüz ki, ağıldankəm Ermənistan, bir də bizim “ağıllı” Tofiq Yaqublu.
Yaxşı, Fransanı da anladıq, Ermənistanı da anladıq. Ermənistanın onsuz da dərd-səri ancaq muxtariyyət olub, respublika yaratmaq olub. Bu arzuları isə yaratdıqları “Arstax”la birlikdə təpələrinə çırpılıb.
Qaldı bu üçlükdən birinin - Tofiq Yaqublunun ermənilərə status arzulaması məsələsi. Hə, bu məsələ də xüsusi nüansları ortalığa çıxarır. Birincisi, bu qənaətə gəlmək olur ki, Tofiq Yaqublu fransız və erməni bacılarla bacılıq olub. İkincisi, 100 faiz ona bu fikrə gəlməsi və fikrini söyləməsi üçün birbaşa Fransadan qrant gəlib. Üçüncüsü, bilə-bilə ki, status cəhənnəmə gedib, ondan bəhs etməsi belə bir fikir yaradır ki, əcaba, Tofiq “bəy” millət dəyişikliyi edibmi? Belə olmasa idi, mümkün olmazdı ki, çıxıb televiziyadan ermənilərə status arzulaya. Hazırda üzvü olduğu “Müsavat” partiyasının AXC partiyası ilə birlikdə 90-cı illərdə ermənilərə satdığı torpaqlarda Tofiq Yaqublu deyilənə görə vaxtilə döyüşüb. Vallah belə də deyirəm, yalançı olaram, vikipediya belə yazır. Bu döyüş hara, döyüşdüyünə status arzulamaq hara, bu, bir qədər müəmmalı məsələ oldu, deyilmi?
Bir azərbaycanlı ermənilərə necə status arzulaya bilər? Məsələnin digər tərəfinə baxaq. Bunun üçün birinci, gərək psixoloji vəziyyətində problem ola. İkinci, xalqından, millətindən, torpağından, şəhidindən, qazindən vaz keçmiş olasan. Üçüncüsü isə azərbaycanlı olduğundan.
Belə isə, necə ağıza alıb danışmaq olar ki, ermənilərə status verilsin. Tofiq Yaqublunu deyərdim ki, bir müayinəyə göndərək. “Həkim müayinəsindən keçirib psixoloji vəziyyətini müəyyənləşdirək” deyə düşünərkən, birdən bundan vaz keçdim. Soruşsanız nə üçün? Cavabım budur ki, gəlin heç də dağa-daşa düşməyək. Nə müayinə, nə xəstəlik? Bu adamı qrant danışdırır, vəssalam.
Sonra düşündüm ki, qoy xalq, millət ayağa qalxıb Tofiq Yaqublunun cavabını versin. Onu ermənilərə status arzulaması üçün ittiham etsin. Minlərlə şəhid, qazinin, 30 illik həsrətin, yerlə yeksan edilmiş tarixi-mədəniyyət abidələrinin, dağıdılmış, viran edilmiş ata-baba yurdlarının, 30 illik məcburi köçkün həyatının fonunda bu adama sual versin ki, sən nə danışırsan? Lakin xatırladım ki, xalq bunların üzərindən 30 ildən artıqdır ki, qara xətt çəkib. İnanmıram ki, onu adam yerinə qoyub hələ bir sual da verələr. Eşidən deyəcək ki, Tofiqdir də, zayıllayır...
Mətanət Məmmədova