Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər mədəniyyət paytaxtımızı regionun ən gözəl şəhərlərindən birinə çevirəcək
Bəli, Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq 44 günlük qələbəmizdən iki il yarım keçməsinə baxmayaraq bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
Bəli, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, «Qarabağ Azərbaycandır və nida işarəsi» deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır.
Eyni zamanda, dövlət başçımızın işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
PREZİDENT İLHAM ƏLİYEVİN ŞUŞAYA NÖVBƏTİ SƏFƏRİ BİR DİRÇƏLİŞ, BİR YENİLİK, BİR UĞURDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya hər səfəri uğurlu tarixi hadisədir. Cari ilin iyul ayının 21-də Şuşaya səfər edən dövlətimizin başçısı Şuşa şəhərinin Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulduğu bildirilib. 220 ailənin köçürülməsi planlaşdırılan kənddə məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Qeyd edildi ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
Prezidenti İlham Əliyev, həmçinin 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.
Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Bildirildi ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq. Qeyd edək ki, təməli qoyulan Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
Prezident Daşaltıda yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Dövlət başçısı, həmçinin Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.
BƏLİ, 2020-Cİ İLİN 8 NOYABRI QARABAĞIN BAŞ TACI ŞUŞANIN AZADLIĞA QOVUŞDUĞU, 2012-Cİ İLİN 14 YANVARINDAN DİRÇƏLİŞƏ DOĞRU GEDİR
Bəli, Şuşa inkişaf edir, gözəlləşir, dirçəlir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bəli, məhz Şuşa Zəfərimizin tacı olduğu üçün Prezident İlham Əliyev mayın 8-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına təbrik müraciətini Şuşadan edib: «Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam».
«Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır», - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı müraciətində bildirib ki, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib: «Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır».
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: «Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər».
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: “Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində
Bəli, bu gün…
«ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏN BÖYÜK ARZUSU ŞUŞANI, QARABAĞI VƏ ZƏNGƏZURU AZAD GÖRMƏK İDİ. BİZ ONUN VƏ BÜTÜN AZƏRBAYCAN XALQININ, BÜTÜN DÜNYA AZƏRBAYCANLILARININ ARZUSUNU ÇİN ETDİK»…
- deyən Qalib Lider Prezident İlham Əliyev onu da bildirdi ki, il başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır: «Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik. Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır».
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Və bu gün, 20 il öncə ulu öndər Heydər Əliyevin söylədiyi: «Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,- sözlərinin reallığı çevriləcəyinə inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.
Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində də bildirdi: «2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq».
Bəli, bu gün Qarabağ, Zəngəzur yenidən qurulur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Şuşa 30 ildən sonra 8 mayı azad, qalib xalq kimi qarşılayır. Və bu gün Şuşa böyük quruculuq, inkişaf yolundadır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanını mayın 8-də Şuşaya səfərləri, səfər çərçivəsində görülən işlər bir daha deyilənlərin reallığıdır.
Bir sözlə, Prezident İlham Əliyev cənablarının Şuşaya hər səfəri tarixi hadisə olaraq əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.
Dövlət başçımızın dediyi kimi: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ KAMALQIZI