PDF Oxu

Siyasət

  • 2 376

"Moskva görüşündə ciddi irəliləyişdən söhbət gedə bilməz" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Moskva görüşündə ciddi irəliləyişdən söhbət gedə bilməz" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş keçiriləcəyi ilə bağlı açıqlama verib. Zaxarova bu bəyanatla çıxış etməsəydi belə ənənəvi olaraq Vaşinqton və Brüssel görüşlərindən sonra Moskvada həm xarici işlər nazirləri, həm də Azərbaycan-Ermənistan rəhbərləri səviyyəsində görüşün olacağı gözlənilən idi. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində üstün vasitəçilik səlahiyyətləri və statusu uğrunda açıq-aşkar Moskva, Avropa və ABŞ arasında ciddi mübarizə gedir. Biz bilirik ki, 1-4 may tarixlərində, eləcə də 14 mayda Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərdən sonra Moskva dərhal işə düşdü. Nəticədə mayın 19-da XİN rəhbərləri, mayın 25-də isə prezidentlər səviyyəsində Putinin iştirakı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olundu. Bu dəfə də bu formatda görüş gözlənilirdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, Zaxarova həmin görüşün olacağı ilə bağlı anons edib: “Əslində, Zaxarovanın bu bəyanatından öncə Brüsseldə və Vaşinqtonda keçirilmiş üçtərəfli görüşlərlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin məlum 15 iyul bəyanatı hər şeyi açıqladı. Bu bəyanatla bildirildi ki, Moskva bu məsələni belə qoymayacaq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində Qərbin önə çıxmasına heç bir halda imkan verməyəcək. 15 iyul bəyanatının məzmununa söykənərək gözlənilən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında görüşün təxminən necə bitəcəyini proqnozlaşdırmaq mümkündür. Fikrimcə, bu görüşdə ciddi bir irəliləyişdən söhbət gedə bilməz. Ona görə ki Rusiya indiyədək Qərb formatında əldə olunmuş razılaşmalara tam əks-mövqe ortaya qoyub”.Siyasi şərhçi sözlərinə davam edərək bildirib ki, Rusiya Azərbaycan üçün olduqca vacib sayılan bir məsələdə qırmızı xətləri keçib: “Özü 10 noyabr sənədinin icrası ilə bağlı heç bir addım atmadığı halda Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında ciddi önəm kəsb edən Qarabağ ermənilərinin vəziyyəti ilə bağlı olduqca yolverilməz mövqe nümayiş etdirib. Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini ölkənin daxili işi hesab etdiyi halda Rusiya iyul ayının 15-də tam əks və dağıdıcı mövqe ortaya qoyaraq onların hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan-Ermənistan əlaqələrinin tənzimlənməsi barədə sazişdə ayrıca maddənin olmalı olduğunu bildirdi. Bu, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycanın konsepsiyasına tam şəkildə zidd olan bir mövqedir. Lakin bu mövqe Ermənistanın maraqlarına uyğundur. Moskvada da gözlənilən danışıqlarda əslində bir sıra prinsipial məsələlərdə, xüsusilə də Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində Rusiya ilə Ermənistanın mövqeləri oxşar olacağına görə ciddi bir irəliləyişin baş verəcəyini gözləmirəm. Bu görüş Azərbaycan tərəfindən haqlı olaraq Rusiyanın ünvanına müəyyən iradların səsləndirilməsi ilə xarakterik ola bilər. Bu, Azərbaycanın nəinki hüququdur, eyni zamanda buna ciddi əsaslar var. Çünki Rusiya Brüssel görüşündən sonra Qarabağ ətrafında yaranmış məsələlər ilə bağlı demək olar ki, yanlış və ziyanlı mövqe tutur. O cümlədən, Laçın dəhlizinin Azərbaycan tərəfindən guya blokadaya alınması ilə bağlı ortaya qətiyyətli mövqe qoyması və Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı sazişdə ayrıca maddənin olmasını tələb etməsi çox yanlışdır. Bu məsələlərin ikisi də Azərbaycan üçün qırmızı xətdir.Moskva görüşündə yalnız mübahisəli məsələlərin aydınlaşdırılması istiqamətində müəyyən addımlar atıla bilər. Bu istiqamətdə də hansısa nəticə əldə olunacağını gözləmirəm. Qısamüddətli görüş olacağını yəqin edirəm. Çünki Vaşinqtonda XİN rəhbərləri arasında görüşün bir neçə gün davam etməsini bir format kimi müşahidə etmişik. Hələ ki Moskvada bu format özünü göstərməyib. Ona görə də bu görüşün konkret nəticələr verəcəyini söyləmək çox çətindir”.
Ləman Sərraf

Digər xəbərlər