Prezident İlham Əliyev: "Əziz Şuşa, biz səni dirçəldəcəyik"
Azərbaycanın dilbər guşəsi Qarabağımız müasir dünyamızda yeni dövrünü yaşayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Əsrlərin yaddaşında özünə yuva qurmuş Qarabağımızın tarixi, daşı, qayası, mədəniyyət abidələri, dini ocaqları hər zaman möhtəşəmliyi ilə diqqətdə olmuş və qürurla səhifələdiyimiz daş abidələrdə öz əksini tapmışdır. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfərləri və burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi diqqətdən kənarda qalmır. Qarabağın tacı Şuşada aparılan bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri xatırladır: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik". Şuşa yeni həyatına qədəm qoyub. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısı çıxışlarının birində bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinə səfəri və görülən işlərlə tanışlığı buranı gələcək gözəl həyatına söykənir.
Cənab Prezident Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır. Şəhərdə inşa edilən yeni yaşayış kompleksinin tikinti işləri davam edir. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir. Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və "Xarı bülbül" festivalı bərpa olundu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa etdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan bir çox tarixi-dini abidələrimiz bərpa olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin, Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı və digər işlər bu diyarın əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edən mühüm məqamlar sırasındandır. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının, Dəmir Yumruq küçəsinin lövhəsinin açılışı və s. işlər Şuşanın yenidən qurulmasının təzahürüdür.
DAŞALTI KƏNDİNƏ 220 AİLƏ KÖÇÜRÜLƏCƏK
İyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunu nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur. Görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev - ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır. Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
ƏHALİNİN TİBBİ TƏMİNATI VƏ SAĞLAMLIĞI
Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.
Azərbaycan Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub. Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.
Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.
BÖYÜK QAYIDIŞ VƏ TƏHSİL OCAĞIMIZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri olublar. Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib. Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.
Ölkə Prezidenti cənab İlham Əliyev həmişə çıxışlarında "Mənim sözüm imzam qədər qüvvətlidir", - deyir. Şuşa səfəri və görülən işlər Cənab İlham Əliyevin sözünün və əməlinin vəhdətinin növbəti nümayişidir.
Nəzakət ƏLƏDDİNQIZI