Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun Vətən Müharibəsində qələbəsi Zəfərimiz olaraq tarixə yazıldı. Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu gün ümumtəhsil orta məktəblərilə yanaşı, müasir çağırışlara cavab olaraq peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Hazırda Azərbaycanda 98 peşə təhsil müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.
CƏLİLABADDA DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ İSTİFADƏYƏ VERİLİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də Cəlilabad rayonuna səfəri çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artdığı bir zamanda bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir. Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq. Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanacaq. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.
PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN QURULMASI YOL XƏRİTƏSİNDƏ QARŞIYA QOYULAN VƏZİFƏLƏRDƏNDİR
Onu da bildirək ki, Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək. Göründüyü kmi, son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə, işğaldan azad olunan ərazilərimizdə də yeni peşə təhsili müəssisələri qurulur. Prezident İlham Əliyevin 2016-cı il aprelin 20-də imzaladığı Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizdə peşə təhsilinin səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması baxımından mühüm addım oldu. Daha sonra Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktların qəbul olunması, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması da Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir. Füzuli şəhərində Peşə Liseyinin tikintisinə başlanılması da bu istiqamətdə həyata keçirilən layihələrdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Füzuli rayonuna məlum səfərləri çərçivəsində Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlini qoymuşdular. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına əhəmiyyətli təsir göstərir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına əhəmiyyətli təsir göstərir.
Nəzakət ƏLƏDDİNQIZI