"Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Pyotr Tolstoyun "Rusiyasız nə Ermənistan, nə də Azərbaycan mövcud olacaq" sözləri haqqında düşüncələrinə etiraz edərək deyib."Rusiyanın vitse-spikeri çox böyük səhv edir. Onun söylədiyi fikirlər beynəlxalq hüquq normalarına, Rusiyanın rəsmi siyasətinə, hakim vahid Rusiya partiyasının siyasi xəttinə ziddir. Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Onun dedikləri orta əsr təfəkkürüdür, Çar Rusiyasının apardığı işğalçılıq siyasətinin ideologiyasıdır, təzahürüdür. Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır. O bilməlidir ki, dünyanın müstəqil dövlətlərinin hər biri öz müstəqilliyinin keşiyindədir. Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir.Hesab edirəm ki, Pyotr Tolstoy bu fikirlərinə görə ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər Rusiya prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının siyasi mövqeyinə ziddir və bu cür fikirlər iki dövlət arasındakı münasibətlərə çox böyük zərbə vuran revanşist fikirlərdir. Bu, imperiyanı bərpa etməyə çalışan müəyyən millətçi dairələrin fikirləridir. Şübhəm yoxdur ki, Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklər və təkzib edəcəklər. Rusiya qonşu dövlətlərlə münasibətlərdə belə səhvlərə yol verməməlidir. Əlbəttə ki, Tolstoyun fikirləri ümumi Rusiyanın fikirləri deyil. Lakin Pyotr Tolstoy heç də sıradan vəzifə tutmur. Rusiyanın bu gün Azərbaycanla yaxşı münasibətləri var. Biz strateji müttəfiqik və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz, böyük səhvdir. Rusiyanın bu məsələdə aydınlaşdırıcı bəyanatının olmasını gözləyirik", - deputat bildirib.
Müəllif: Aysel Naibli