“Müharibə bitsə də, Ermənistan müxtəlif yollarla terror siyasətini davam etdirir. Bunun bir nümunəsi də Naxçıvanla sərhəddə iri metallurgiya zavodunun inşa edilməsidir. Hansı ki, bu birbaşa olaraq Ermənistan tərəfindən başladılan ekoloji terror deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan davamlı olaraq bu məsələni gündəmdə saxlamalıdır: “Prosesin qarşısının alınması üçün beynəlxalq təşkilatlar və məhkəmələr qarşısında məsələ qaldırılmalıdır. Biz səsimizi çıxartmasaq, Ermənistan təxribatçı əməllərinə davam edəcək. Ermənistanın bu terrorunun ölkəmizə vurduğu ziyanla bağlı dünyaya məlumatlar verilməlidir. Bütün gücümüzlə çalışmalıyıq ki, hüquqi və diplomatik müstəvidə məsələnin həllinə nail olaq”.