PDF Oxu

Siyasət

  • 4 592

Böyük qayıdış: DÜNYAYA ÖRNƏK OLACAQ AĞDAM! TƏHLİL

Böyük qayıdış: DÜNYAYA ÖRNƏK OLACAQ AĞDAM! TƏHLİL

Prezident İlham Əliyev: "Birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır"

Hər bir azərbaycanlı üçün qəlb ağrıdan tarix olan 1993-cü ilin 23 iyul artıq tarixə qovuşdu. Uğurla sona çatan qələbəmiz işğal tariximizi Zəfərlə əvəzlədi. Nə az, nə də çox, düz 27 il işğal tariximizdən acı-acı yazdıq və o tarixi anaraq böyük sarsıntı keçirdik. Hər dəfə də qayıdacağımıza böyük ümid bəsləyirdik. 44 günlük Vətən müharibəsində əldə etdiymiz QƏLƏBƏ, ZƏFƏR artıq bizə qələbə ilə yoğrulmuz fikirləri yazmağa imkan verir. Tarixdə çox az xalqlara nəsib olan bir məqamı yaşadıq. Bu qüruru bizə, xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Nə qədər qürurlandırıcı, fərəhvericidir ki, bu gün qalib xalq olaraq işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən yazırıq. Böyük QAYIDIŞIMIZ uğurla yerinə yetirilir. "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb və Böyük Qayıdış Proqramı qəbul edilib. "Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq", - deyən Cənab Prezident bunun ancaq başlanğıc olduğunu qeyd edib: "Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində. Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.
Mən Laçın şəhərinin timsalında deyə bilərəm ki, bu şəhər cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq və digər sosial obyektlər də inşa edilir. Ona görə növbəti beş il ərzində əminəm ki, azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı, əlbəttə ki, daha genişmiqyaslıdır. Çünki məsələn, əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə də 50 min insan yaşayırdı. Bizim Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar".
20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmışdı. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır". 27 il sonra işğaldan azad olunan Ağdam öz haqqına qovuşdu. Xatırlatmaq yerinə düşər ki, Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. VI–IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağdan doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. 1993-cü ilin iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Cənab Prezident Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşləri əsnasında bildirdiyi fikirləri xatırlatmaq yerinə düşər: "Deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq". Prezident onu da bildirib ki, "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır". Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, yenidən bərpa olunur.

"QARABAĞ REGİONUNA 2026-CI İLƏ QƏDƏR 140 MİN İNSANIN DÖNMƏSİ NƏZƏRDƏ TUTULUR"

Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, eləcə də Laçına köç yola salındı. İnsanların doğma yerlərdən səsləri eşdilir. Həmin ərazilərin hər bir daşı, qayası, çayı bu səslər üçün qəribsəmişdi. Şəhər, kənd və qəsəbələr yenidən qurulur. "Hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir. Təkcə, bax, bu bölgənin havası deyil, - mən əminəm, siz də eyni hissləri keçirirsiniz, - özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur", - deyə Prezident bildirib. Cənab İlham Əliyev bildirib ki, 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib, bir çox kəndlərin təməli də qoyulub: "Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. İndi biz, necə deyərlər, işin ibtidai mərhələsindəyik. Çünki layihələndirmə, tender prosedurları çox vaxt aparır. Biz istəyirik ki, hər şey qayda ilə, qanunla olsun, tam şəffaf olsun və bu da vaxt aparır. Əminəm ki, keçmiş köçkünlər bunu anlayışla qarşılayırlar. Amma təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur".
Tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari ilin mayın 2-də Ağdam rayonuna növbəti səfəri bu ərazidə görülən işlərin daha sürətli reallaşmasının təzahürüdür. Səfər çərçivəsində dövlət başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlin qoyulub. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Hazırda isə 35 kV-luq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi və bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib.
Ağdam Muğam Mərkəzinin təməlinin qoymaları görülən işlərin davamıdır. Mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına salınıb. Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Daha sonra Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

AĞDAMDA SALINAN KƏNDLƏR

Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən ötən il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.
Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndin də təməli qoyulmuşdu. Burada 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.
Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
bütün bunlarla yanaşı, Ağdam şəhərində 2-ci yaşayış məhəlləsi salınır. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılıb.
Ağdam şəhərində 3-cü yaşayış məhəlləsi də salınır. Bütün bunlarla yanaşı, Ağdamın müasir infrastrukturla təmini və yenidən qurulması onun gələcək işıqlı gələcəyinə hesablanılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Ağdama da köç karvanları yola salınacaqdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər