Dağıdıcı müxalifət FETO-çunun həbsindən siyasi dividend əldə etməyə çalışır
Bugünkü reallıq ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlər bir-birinə qarşı barışmaz düşməndirlər. KİV qarşısında isə özlərini elə təqdim etməyə çalışırlar ki, sanki partiyaların birləşməsinə, sədrlərin bir araya gəlməsində maraqlıdırlar və bunun uğrunda hər cür güzəştə hazırdırlar. Əslində isə, müxaliflər arasında vəziyyət o dərəcədə gərgin xarakter alıb ki, partiya sədrləri ötən illərdə aralarında baş verən ziddiyyətləri, məğlubiyyət səbəblərini bir-birlərinə xatırlatmaqla yanaşı, əldə etdikləri yeni məlumatları mətbuata açıqlamaqla, onları ifşa edəcəkləri ilə hədələyirlər. Məhz bu və bu kimi faktlar təsdiq edir ki, müxalifətin bu günü kimi sabahı da qaranlıqdır. Yəni onların fəaliyyətdə olmaları ilə olmamaları arasında heç bir fərq yoxdur. Artıq onların tarixin arxivinə atılmalarının zamanı çatıb. Yəqin ki, çox yaxın zamanlarda bunun şahidi olacağıq.
Müxalifətin ictimai rəydə özünə nüfuz qazana bilməməsinin və sosial bazadan məhrum olmasının bir neçə səbəbi var: Birincisi, səhv və düşünülməmiş siyasət aparmalarıdır. İkincisi, ağıllarına gələn istənilən iddianı ortaya ataraq, özlərinin siyasi varlığını sübut etməyə çalışmaq və sivil siyasi mübarizə əvəzinə, müxtəlif şoular təşkil edərək, gündəmdə qalmaq istəkləridir. Nəhayət, üçüncüsü, maddi imkanlar əldə etmək üçün xarici maraqlı qüvvələrlə iş birliyinə gedərək, milli və dövlətçilik maraqlarını satmağa cəhd göstərmələridir. Amma bu dayaz düşüncəli məxluqlar dərk etmirlər ki, artıq nəyin necə baş verdiyini onlardan yaxşı bilən ictimaiyyəti aldatmaq mümkün deyil. Hər kəs bilir ki, bu düşərgədə toplaşan azsaylı üzdəniraq siyasi fəallar və onların liderlərinin hər birinin öz ambisiyası var. Bu insanlar məqsədlərinə çatmaq naminə ən iyrənc addımları belə atmağa hazırdırlar.
Elə götürək bir neçə gün əvvəl FETO terror təşkilatı ilə əməkdaşlıq etdiyinə və ofisində aparılan axtarış zamanı saxta pul əskinasları aşkarlandığı üçün həbs edilən Quabad İbadoğlunun əmələrini. Bu şəxsin tərcümeyi-halına və siyasi proseslərdəki fəaliyyətinə nəzər yetirdikdə məlum olur ki, FETO-çu açıq şəkildə doğulub boya-başa çatdığı, imkanlarından geninə-boluna bəhrələndiyi Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik edir. Sosial şəbəkələrdə etdiyi paylaşmalarında və mətbuata verdiyi açıqlamalarında bir dənə də olsun müsbət xarakterli fikri yoxdur. Yalnız və yalnız Azərbaycanın sosial iqtisadi siyasətini, neft strategiyasını gözdən salıb, ictimai rəyi çaşdırmağa yönələn mövqe sərgiləyir. Niyə Q.İbadoğlu Azərbaycanın sosial, iqtisadi sferasında baş verən yüksək inkişafı, tərəqqini qara eynəkdə görməyə çalışır? Təbii ki, çoxsaylı suallara istintaq aydınlıq gətirəcək. İyulun 24-də keçirilən məhkəmə prosesindən sonra KİV üçün açıqlanan məlumatda qeyd olunur ki, saxlanılanlardan saxta pul, silah da daxil olmaqla, FETO təbliğatı üçün vəsaitlər götürülüb. Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.
Sağlam, praqmatik düşüncə sahibi olan insanlar Q. İbadoğlunun həbsinin əsaslı olduğunu və hüquq-mühafizə orqanlarına vaxtında qətiyyətli addım atdığına görə təşəkkürlərini bildirirlər. Lakin yenə də dağıdıcı müxalifət funksionerləri ənənəvi amplualarından çıxış edirlər. Yenə də C.Həsənli, T.Yaqublu, Ə.Kərimli və digərləri meydana çıxıb ağıllarına deyil, ağızlarına gələnləri danışırlar. “Milli Şura” deyilən qondarma qurum bir qədər uzağa gedərək Q.İbadoğlunu müdafiə adı altında dövlətçiliyə qarşı böhtanlar qeyd edib. Qüsurlu və cızma-qaradan ibarət olan “bəyanat”da antimilli "şuraçı"lar yenə öz amplualarından çıxış edirlər. Hüququn aliliyini rəhbər tutaraq qanunun tələbi əsasında atılan addımı siyasiləşdirməklə manipulyasiya edir, məsələnin mahiyyətini cəmiyyətə fərqli formada təqdim etməyə çalışırlar. Yəni yenə və yenidən xalqı aldatmaq cəhdi müşahidə olunur.
İkincisi, hətta daha da irəli gedərək "dövlət səviyyəsində zorakılıq" kimi ittihamedici ifadələrdən istifadə etməklə Azərbaycan dövlətini hədəfə çevirməyə çalışırlar. İstisna deyil ki, bu "bəyanat" "şuraçılar"ın qrant aldıqları dairələrdə hazırlanıb. Çünki birbaşa Azərbaycan dövləti, ayrı-ayrı dövlət qurumları və təşkilatlar, ictimai xadimlər hədəf seçilib, Qarabağda quruculuq-abadlıq işlərinin spekulyasiya edilməsi cəhdləri var. Söz yox ki, “bəyanat" Avropanın qərəzli fondları tərəfindən hazırlanaraq, “Milli Şura” üzvlərinə yaymaq üçün təqdim olunub. Qondarma sifarişli “bəyanat”ın ardınca C.Həsənli Q.İbadoğlunu həbsi ilə bağlı özünün boş və mənasız şərhlərini verir. “Milli Şura”nın üzvü T.Yaqublu sifarişlər əsasında dezinformasiyalar yayır, məhkəmə-hüquq sisteminin ünvanına ağ yalanlar səsləndirir.
Beləliklə, ayrı-ayrı vaxtlarda müxtəlif məsələlərlə bağlı xaricdəki ermənipərəst dairələrin Azərbaycana qarşı səsləndirdikləri qərəzli və qeyri-obyektiv fikirlər mahiyyət etibarilə bu "bəyanat"da da yer alıb. Bu isə antimilli ünsürlərin anti-Azərbaycan dairələrin tezislərini yaydığını göstərir.
İ.ƏLİYEV