Prezident İlham Əliyev: "Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib"
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühitinin formalaşması gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlərin uğurla həyata keçirilməsinin təzahürüdür. Dövlət gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Bugünki gənclik azad fikirli və düşüncəli, cəsarətli, bilikli, vətənpərvər gənclikdir. Müstəqil dövlətin nümayəndəsi kimi dünyaya çıxan və müxtəlif səpkili tədbirlərin iştirakçısı olaraq qalibiyyət əldə edən, kreativ gənclikdir. Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər daim axtarışda olan, yeniliyi sevən böyük bir ordudur. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
"HƏR BİR XALQIN, HƏR BİR MİLLƏTİN, HƏR BİR ÖLKƏNİN GƏNCLƏRİ ONUN HƏM BU GÜNÜDÜR, HƏM DƏ SABAHIDIR, ÜMİDİDİR"
Ulu Öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri, dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla gəncləri Azərbaycanın uğurlu gələcəyi naminə səfərbər edir. Ulu Öndər gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə "Gənclər siyasəti haqqında" Qanunun qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğının və etmadın nümunəsidir. Bu gün dövlət gənclər siyasəti ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünki Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellekt yetişir. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edirdi. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edildi. Bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri etmiş oldu. Dövlət Proqramının əsas məqsədi isə respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Bu gün Azərbaycanda gənclərin uğurlu gələcəyi üçün hər bir şərait vardır.
2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını özündə təcəssüm etdirir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili və s. məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı artmaqdadır.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
İDMAN VƏ BƏDƏN TƏRBİYƏSİNİN İNKİŞAFI DÖVLƏT SİYASƏTİNİN PRİORİTET QOLLARINDAN BİRİNƏ ÇEVRİLDİ
Gənclər siyasətindən söz açarkən, idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasını qeyd etməliyik. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə idmana qayğı bu sahənin inkişafına böyük töhfələr verir. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi də diqqətdə duran məsələlər sırasında idi. Ulu Öndər Heydər Əliyev hələ ölkəmizə sovet dövründə rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ümumilikdə. ötən əsrin 70-ci illərində Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük dönüş yaratmış oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.
"ASAN XİDMƏT"DƏ İŞLƏYƏNLƏRİN MÜTLƏQ ƏKSƏRİYYƏTİ GƏNCLƏRDİR
Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir.
2018-ci ilin noyabr ayında Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdı. Gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Ölkəmizdə aparılan gənclər siyasəti hər bir gəncin üzərinə böyük məsuliyyət qoyur. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Bu gün yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Cənab Prezident bildirib ki, Onun Azərbaycana rəhbərliyi dövründə yetişən insanlar bu torpaqları azad etdilər: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi…Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi."
Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu gün Azərbaycan belə oğulları ilə qürürlanır, fəxr edir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olmasını qorumaq və saxlamaq üçün gənclər yaxşı təhsil almalı, çox çalışmalı, peşələrinə yaxşı yiyələnməli, vətənpərvər olmalıdırlar. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır. Bu gün hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var. Bu, Qarabağla, onun dirçəldilməsi ilə bağlı mənəvi məsuliyyətdir. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasəti, Azərbaycan əsgərinin qələbəsi əminliklə deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.
Nəzakət ƏLƏDDİNQIZI