Cari ilin 21 iyul tarixində türk dünysının mədəniyyət paytaxtı Şuşada keçirilən Qlobal Media Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışı və tədbir iştirakçılarının suallarına cavabı hazırkı dövrün çağırışlarının yüksək səviyyədə çavablandırılması istiqamətində yol xəritəsi oldu. Dövlət başçısı həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı. Xüsusi ilə qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan-Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. İki qardaş ölkə arasındakı bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Dövlət başçısı bu reallığı diqqətə çatdırdı ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır və bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Həmçinin, Azərbaycan və Türkiyə xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Formda Cənab İlham Əliyevin çıxışı zamanı xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir və bu Bəyannamə qarşımızda yeni üfüqlər açır.
Qlobal məsələlərdə və regionda Türkiyənin rolu həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyev “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışında bu məqamlara diqqət yönəltdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bununla bərabər, dövlətimizin başçısı Türkiyə Prezidentinin inauqurasiya mərasimində iştirak etdi. Atılmış bu addımlar Azərbaycan-Türkiyə münasibətlərinin təqdimatı, qardaşlığın əsl nümunəsidir. Qarşıdan gələn illərdə də iki qardaş ölkə regionda daha önəmli rol oynayacaq.
Prezident İlham Əliyev regionun perspektivlərindən bəhs edərək diqqəti Azərbaycanın Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Qeyd edildi ki, əslində regional inkişaf, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Eləcə də, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlərdən geniş bəhs edildi. Dövlət başçısı İlham Əliyev 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Dövlət başçısı həyata keçirilən hər bir layihənin onda böyük qürur, xoşbəxtlik hissi yaratdığını belə ifadə etdi: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur”.
Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq. Vətən müharibəsindəki Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri ölkəmizin təkmil dirçəliş modelinin təqdimatıdır. Qısa zaman kəsiyində görülən işlər dövlətimizin qətiyyətinin, malik olduğu iqtisadi imkanların göstəricisidir. Ölkəmiz daim dinamik inkişaf nümunəsi ortaya qoyur.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Media Forumunun qlobal miqyas alması bütün bu realllıqların təbliğində əhəmiyyətli rol oynayacaq. 49 ölkəni təmsil edən 150 nümayəndənin hər biri bu reallıqların təbliğatçısı olacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini